05.04.2019

5 saylı məktəb-liseydə qiraət gecəsi və poeziya saatı keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqaninin, XVIII əsr Azərbaycan şairi, məşhur ictimai-siyasi  xadim Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş qiraət gecəsi və poeziya saatı keçirilib. Bədii gecədə məktəbin 8-10-cu sinif şagirdləri və Azərbaycan dili və ədəbiyyatı müəllimləri iştirak edib.

Qiraət gecəsi Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbirlərinin keçirilməsi ilə bağlı 4 mart 2019-cu il tarixli F-103 saylı əmrinin icrası ilə əlaqədar keçirilib.

Gecədə Azərbaycan dili və ədəbiyyatı müəllimi Yeganə Mirzəyeva Əfzələddin Xaqaninin yaradıcılığı haqqında ətraflı məlumat verib. O, bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalmış şairin 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olmasını, Şirvandan gizli surətdə getməyə cəhd göstərərkən I Axsitanın əmri ilə həbs olunaraq Şabran qalasına salınaraq 7 ay orada saxlanılmasından danışıb. Şairin məşhur “Həbsiyyə” şeiri yaşadığı həbsxana həyatı ilə bağlı olmasını və “Şabran şəhəri” tarixi qoruğunda aparılan qazıntılar zamanı saxlanıldığı həbsxananın aşkar edilməsini də diqqətə çatdırıb.

Bədii gecədə Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülviyyə Kazımova böyük şair və ictimai-siyasi xadim Molla Pənah Vaqifin keçdiyi həyat yolu və yaradıcılığı barədə maraqlı faktlarla məruzə edib. O, Molla Pənah Vaqifin həyat və yaradıcılığının əsas xüsusiyyətlərindən, zəngin ədəbi irsində şifahi xalq düşüncəsindən, folklorun rolundan və ədəbiyyatımıza verdiyi böyük töhfələrdən danışaraq, onun  Azərbaycan dilində sadə, aydın və anlaşıqlı üslubda yazan şair olmasını diqqətə çatdırıb. Vaqif yaradıcılığının özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilməsindən, dövrünün böyük şairi olması ilə yanaşı, mütəfəkkir və dövlət xadimi omasından danışaraq, onun ədəbiyyatımızdakı rolunu dəyərləndirib.

Poeziya saatında şagirdlərdən Fərid Əhmədov, Elvin Əzizli, Elnarə Həsənli, Zeynəb Məmmədova, Aysun Əzizova, Fəridə Əzimli Əfzələddin Xaqaninin və  Molla Pənah Vaqifin poeziyasından seçmələr söyləyiblər.


Açar sözlər: ,  ,  ,