15.04.2019

Təhsil Şurasının növbəti iclası keçirilib

İmişli Rayon Təhsil Şöbəsində təhsil Şurasının növbədənkənar iclası keçirilib. Şura iclasında rayonun 46 ümumtəhsil məktəblərində aparılmış monitorinqin nəticələri müzakirə edilib.

Monitorinq zamanı şagirdlərin məktəbə gündəlik davamiyyəti, əmək intizamı, 2018-2019-cu tədris ilində məktəb rəhbərləri tərəfindən dərslərin dinlənilməsi, fənlərin tədrisi vəziyyətinin pedaqoji şurada müzakirəsi, il çərçivəsində Təhsil Nazirliyinin müvafiq əmrlərindən irəli gələn vəzifələrin icrası və bir sıra məktəb sənədlərinin işlənilməsi vəziyyəti öyrənilib. RTŞ-nin tərtib etdiyi forma əsasında aparılan monitorinq zamanı qeydə alınan faktlar Təhsil şöbəsinin əməkdaşı və məktəb direktoru tərəfindən imza ilə təsdiqlənib.

Şura iclasında İmişli RTŞ-nin müdir əvəzi Vahid Tağıyev monitorinqin nəticələri haqqında geniş məlumat verib, bəzi məktəblərin fəaliyyətinin inkişafetdirici istiqamətdə aparılması ilə bərabər,  bir sıra məktəblərin fəaliyyətində müşahidə edilmiş nöqsanları faktlarla qeyd edib.  O, bəzi məktəblərin pedaqoji şuralarında fənlərin tədrisi vəziyyətinin təhlili və müzakirəsinin səthi aparıldığını, zəif nəticələri olan müəllimlər haqqında heç bir intizam tənbehinin tətbiq edilmədiyini, yaxud səmərəli fəaliyyətinə görə müsbət işinin qeyd olunmaması hallarını pedaqoji kollektivlərdə məsuliyyətsizlik mühitinin yaranmasının səbəbi kimi göstərib. Eyni zamanda Təhsil şöbəsinin əməkdaşlarının tələbkarlıq və əməli köməklik səviyyəsinin aşağı olmasını xüsusi vurğulayıb.

Monitorinqin nəticəsinə uyğun olaraq şuranın qərarı ilə işində nöqsanlara yol vermiş məktəb direktorlarına xəbərdarlıq edilib.

Sonda cari məsələlər və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.


Açar sözlər: ,  ,  ,