07.05.2019

Aysel Rəhimli: “Müasir məktəbdə hər bir dərs müəllimlə şagirdin nəticəyə yönəlmiş əməkdaşlığıdır”

Aysel Rəhimli 1996-cı ildə İmişli şəhərində anadan olub. Orta təhsilini Beyləqan rayonu 7 saylı məktəb-liseydə alıb. 2018-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Həmin il Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində iştirak edib və 50 bal toplayaraq İmişli şəhər 3 saylı tam orta məktəbə biologiya müəllimi təyin olunub.

 

-Aysel, kimin sözləri və ya canlı bir nümunəsi sizin müəllim olmağınızda əsas istinad nöqtəsi olub?

-Burada orta təhsil aldığım Beyləqan şəhər 7 saylı məktəb-liseydə çaışan müəllimlərin adlarını çəkməyə bilmərəm. Mən bu məktəbdə təcrübəli müəllimlər olan gözəl insanlar – Xatirə Əhmədova, Telli Hüseynova, Mehman Kərimov və başqaları tərəfindən müəllim kimi yetişdirilmişəm desəm yanılmaram. Onların prinsipləri, taktikaları, peşə hazırlığı mənim həyat tərzimə çevrildi. Bu gün də bunlar mənim peşə fəaliyyətimdə mayak rolunu oynayırlar.

-Fikrinizcə, bu gün müəllim olmaq nə deməkdir?

-Müəllim - evdə, küçədə, avtobusda, mağazada, məclislərdə və ümumiyyətlə bütün hər yerdə hərəkət və davranışı ilə seçilən şəxsdir.

-Bu gün müasir məktəbin vəzifələri, müasir müəllimin rolu haqqında çox danışılır. Bu barədə nə düşünürsünüz?

-Müasir müəllim - interaktiv lövhə, kompüter və ya internet deyil.  Əlbəttə, bütün bu texniki cihazlar uzun müddət vərdiş halına gəlib və dərsin bir hissəsinə çevrilib. Lakin müasir müəllim tədris prosesini elə təşkil etməlidir ki, uşağın özü də bilik əldə etmək istəsin. Heç kim hazır bilik almasın və onu öz ağlının sücgəzindən keçirsin.

Fikrimcə müasir dərsin hədəfi, ilk növbədə, şagird şəxsiyyətinin inkişafı üçün bütün imkanlardan məharətlə istifadə etmək, onları cəmiyyətin sosial fəal üzvləri kimi tərbiyə etməkdən ibarətdir.

Müəllim hər bir uşağın imkanlarına inanmalı, şagirdlərin öz bacarıqlarını göstərmək və inkişaf etdirmək cəhdlərini stimullaşdırmalı və dəstəkləməlidir. Onların özünüdərketmə və özünü inkişaf etmələrinin uğurla həyat keçməsini təmin etməlidir.

Demək olar ki, müasir məktəbdə hər bir dərs müəllimlə şagirdin nəticəyə yönəlmiş əməkdaşlığıdır.

-Şagirdlərdə özünə inam hissini necə yaradırsınız?

-Keçid yaşlı, yəni yuxarı siniflərdə oxuyan uşaqlara dərs deyirəm. İk günlərdən onlar dərslərə cavab verə bilməyəcəklərinə inanmadıqları üçün sinifdə arxa partalarda otururdular. Hansı ki, indi onlar "Afərin!", “Sən ağıllısan” sözlərini eşidirlər. Belə uşaqlar özlərinə inanmaqdan qorxurlar. Mən deyərdim bunlar hələ də tam açıqlanmayan istedadlı uşaqlardır. Bizim pedaqoji kollektiv bu şagirdlərdə özünəinam hissini aşılamaqda və istedadlarının üzə çıxarılmasında çox işlər görür.

-Bəzən təhsilə formal yanaşmanın olması ilə bağlı söhbətlər olur. Bəs siz indiki təhsil sistemini necə qiymətləndirirsiniz?

-Yanaşmanın necə olmasına baxmayaraq, heç nə müəllimə dərsləri daha maraqlı qurmağa mane olmur. Hər şey mümkündür! Dəyirmi masa, interaktiv dərslər... və tez-tez müxtəlifliyin olması da lazımdır. Fikrimcə, əsas odur ki,  informasiya mübadiləsi daha çox effektiv olsun. Biz bir-birimizlə ünsiyyət quranda, fikirlərimizi də bölüşəndə, düşüncəmizi inkişaf etdirəndə, demək olar ki, dünyagörüşümüz və savadlıq səviyyəmiz də artır.

-Müasir uşaqların mədəni səviyyəsini, dəyərlərini necə qiymətləndirirsiniz?

- Dəyərlər dəyişmir, onların forması dəyişir. Bu gündə ailə və dostluq texnologiyadan və tendensiyalardan asılı olmayaraq birinci yerdədir. Uşaqların mədəni səviyyəsi də yaxşı səviyyədə olaraq qalır. Burada problem yalnız ondadır ki, müxtəlif nəsillər mədəniyyətin müxtəlif təbəqələrini mənimsəyirlər, buradan da "əvvəllər daha yaxşı idi" kimi fikirlər yaranır.

-Uşaqlarla ünsiyyət sizə nə verir?

-Mən onlarla ünsiyyət qurmağı, onların yanında olmağı çox sevirəm! Hər bir uşaq bir dünyadır, bu bu dünyanı dərindən tanımaq lazımdır. Mən uşaqları çox sevirəm. Bu sevgidən müəllim də, şagird də qarşılıqlı olaraq qazanırlar. Hətta özümü də gənc olmağıma baxmayaraq onlarla münasibətim həmişə müsbət olaraq qalır, hətta çətin dərslərdən belə sonra.

-İşinizin nəticələrini nədə görürsünüz?

-Mənim üçün işin nəticəsi aydındır: şagirdlərimizin çoxu ali məktəblərə qəbul olmaq üçün səylə hazırlaşırlar və deyərdim gələcək həyat yollarını seçiblər. Əgər gələcəkdə şagirdlərimiz məni tanıyacaqlarsa və hər dəfə məni görəndə "Salam Aysel müəllim!" deyəcəklərsə hesab edirəm ki, bu da mənim əməyimin və səyimin nəticəsidir.

-Gənc müəllimlər üçün uğur "resept"iniz nədir?

-Düzgün və ürəklə işləmək lazımdır ki, dərsdə şagirdlər özlərini sərbəst, rahat hiss etsinlər və məktəbdən ayrılmaq istəməsinlər.


Açar sözlər: ,  ,  ,