16.05.2019

“Müəllim bir az ciddi olmaqla yanaşı, ədalətli olmalı, sinifdə intizamı saxlamağı bacarmalı, işini A-dan Z-dək bilməli və gözəl görünməlidir.” - Esmira Ələsgərova

Esmira Ələsgərova 1962-ci ildə İmişli rayonunda anadan olub. O, 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olub və 1991-ci ildə bitirib. 1988-ci ildən İmişli şəhər 5 saylı məktəb-liseydə pedaqoji fəaliyyətə başlayıb.

Esmira müəllim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində (DQ) – 58 bal toplayıb. O, fəaliyyət göstərdiyi məktəb-liseydə gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə təşəkkürnamə və diplomlarla təltif olunub.

31 il müəllim adını daşıyan Esmira müəllim deyir ki, müəllim bir az ciddi olmaqla yanaşı, ədalətli olmalı, sinifdə intizamı saxlamağı bacarmalı, işini A-dan Z-dək bilməli və gözəl görünməlidir: “Unutmaq da lazım deyil ki, 21-ci əsr kompüter əsridir. Texnika və internet həyatımızı çox-çox asanlaşdırır. Hamının sutkada olan 24 saatı sanki mənim həyatımda yoxdur. Şagirdlərimizdən geri qalmamaq üçün zamanla ayaqlaşmağa çalışıram.  Mən vaxtın necə keçdiyini bilmirəm. Eyni zamanda da, iki qorxu məni həmişə narahat edir: bildiyim hər şeyi zəngə qədər deməmək və ya zəngdən sonra demək. Bir qayda olaraq, vaxt həmişə çatmır. İndi də belədir. Ev tapşırıqlarını isə tənəffüsdə deməli oluram. Vaxtdan vaxt oğurlaya bilməsək, fikrimizdəki hər şeyi çatdıra bilmərik”.