22.05.2019

İmişli Rayon Təhsil Şöbəsinin növbəti təhsilyanı Şura iclası keçirilib

İmişli Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı Şura iclası keçirilib. İclasda təhsil şöbəsinin məsul şəxsləri, rayonun ümümi təhsil məktəblərinin və məktəbdənkənar müəssisələrin rəhbərləri iştirak edib.

İclasın gündəliyində duran məsələlərdən - ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər və Təhsil nazirinin 13 may 2019-cu il tarixli F-260 nömrəli əmrindən irəli gələn vəzifələr barəsində İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev iclas iştirakçılarına geniş məlumat verib. Qeyd olunan məsələlərin icrası ilə bağlı müvafiq qərar qəbul olunub.

Rayonun Sarıxanlı kənd 2 saylı, Aranlı kənd 1 saylı, Boşçallar kənd tam orta məktəblərində təlim-tərbiyə prosesinə rəhbərlik və nəzarətin təşkili vəziyyəti ilə bağlı İmişli RTŞ-nin müdir müavini Vahid Tağıyev onun rəhbərliyi ilə aparılmış monitorinqin nəticələri, yol verilmiş ciddi nöqsanlar barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Monitorinqin nəticələrinə müvafiq olaraq əmək funksiyalarını və vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdikləri aşkar edildiyinə görə həmin məktəb direktorlarına şuranın qərarı ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Sonda əmək intizamı və xüsusi hallar barədə qarşıda duran vəzifələrlə bağlı ətraflı müzakirələr aparılıb və məktəb rəhbərlərinə müvafiq göstərişlər verilib.

 


Açar sözlər: ,  ,