25.05.2019

“Nəsimi ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı keçirilib

İmişli rayon Şahmat Məktəbində “Nəsimi ili”nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatı keçirilib. Çempionatda İmişli, Ağcabədi, Saatlı, Ağdam, Laçın və Xocavənd rayonlarının ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdlərindən ibarət komandalar iştirak edib.

Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdır.

İntellektual oyunun bu mərhələsində iştirak edən komandalar hər biri öz rayonunda keçirilmiş oyunlardan qalib çıxan komandalardır. Yarışda 36 sual səsləndirilib və 12 sualdan ibarət olan 3 tur keçirilib. Hər bir komanda yarışda 8 nəfərlə təmsil olunublar. Yarış zamanı isə masa arxasında 6 nəfər şagird əyləşib ki, onlardan biri komandanın kapitanı olub. Turlararası fasilələrdə komanda üzvlərinin əvəzlənməsinə icazə verilib. Sual səsləndirildikdən sonra şagirdlərə müzakirə üçün bir dəqiqə vaxt verilib və cavablar yazılı qaydada aparıcıya təhvil verilib. Hər düzgün cavab bir xalla qiymətləndirilib.

Yekunda İmişli rayon komandası 23 xal qazanaraq intellektual oyunun qalibi olub. Qalib komandanın üzvləri Təhsil Nazirliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıb və qalib komanda müvafiq televiziya kanalı tərəfindən həyata keçiriləcək çəkilişlərdə iştirak edəcək.

 


Açar sözlər: ,  ,