03.06.2019

Məktəbəhazırlıq qruplarında məşğələlər başa çatıb

Mayın 31-də İmişli rayonunun 50 ümumi təhsil müəssisəsində yaradılmış 74 məktəbəhazırlıq qrupunda məşğələlər başa çatıb. Həmin qruplarda təhsil alan 1348 nəfər 5 yaşlı uşaq 2019-2020-ci tədris ilində ümumtəhsil məktəblərinin birinci siniflərinə gedəcəklər.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məşğələlərin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.