04.06.2019

Qaliblər mükafatlandırılıb

İmişli şəhər 5 saylı məktəb-liseydə keçirilən tədbirdə il çərçivəsində uğur qazanmış müəllim və şagirdlərin bir hissəsi mükafatlandırılıb.

Tədbirdə İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, müdir müavini Vahid Tağıyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısının müavini Səfa Ağayev və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

Giriş sözü ilə çıxış edən Ələmdar Quliyev son illərdə təhsilə dövlət qayğısından, respublikamızda bu sahədə aparılan islahatların uğurlu nəticələrindən faktlarla söhbət açıb. O, rayonda gələcəkdə təhsil sahəsində görüləcək işlərin istiqamətlərinə bir daha aydınlıq gətirib.

Çıxış edən Vahid Tağıyev 1 saylı məktəb-liseyin 11 sinif şagirdi Turqut Ağaşovu, Xəlfəli kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xan Hüseynovu Respublika fənn olimpiadalarında qazandıqları bürünc medala görə, Kürdmahmudlu kənd tam orta məktəbin 11-ci sinif şagirdi Dilarə Səmədovanı isə “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olduğuna görə bir daha təbrik edib. O, daha sonra rayon mərhələsinə təqdim olunan 170 nəfər müəllimin pedaqoji mühazirələrindən məlumat verib. İki nəfər qalibin mühazirələrini Təhsil Nazirliyinə təqdim edildiyini qeyd edib. Bununla bağlı 1 saylı məktəb-liseyin coğrafiya müəllimi Rəhilə Şükürovanı və şəhər 3 saylı tam orta məktəbin rus dili müəllimi Şəlalə Rəhimovanı təbrik edib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısının müavini Səfa Ağayev rayonda müxtəlif müsabiqələrin yüksək və şəffaflıq prinsipləri əsasında keçirilməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.

Sonda qaliblərə fəxri və fərman və qiymətli hədiyyələr təqdim olunub.