12.06.2019

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

YAP İmişli rayon təşkilatının, İmişli Rayon Təhsil Şöbəsinin və İmişli rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqə Prezident İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı İmişli Rayon Təhsil Şöbəsinin və  YAP İmişli rayon təşkilatının tədbirlər planına uyğun olaraq keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında Nəsimi irsinin öyrənilməsi və milli mədəni-mənəvi dəyərlərin təbliğ olunmasıdır.

Müsabiqədə rayonun  ümumtəhsil məktəblərindən 34 nəfər şagird iştirak edib.

Müsabiqəni giriş sözü ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısının müavini Səfa Ağayev açaraq Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olan İmadəddin Nəsiminin ədəbi irsinin qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etdiyini söyləyib.  O, Nəsiminin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə şerimizin daha da zənginləşməsində şairin misilsiz xidmətləri olduğunu bildirib.

 Sonra İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev çıxış edərək Nəsimi irsinin Azərbaycanda və dünyada təbliğinin bugünkü yüksək səviyyəyə  çatmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olnduğunu bildirib. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nəsiminin 600 illik yubileyi ilk dəfə YUNESKO-nun tədbirləri siyahısına daxil edilməsini, beynəlxalq miqyasda qeyd olunmasını və 1973-cü ildə “Nəsimi” bədii filiminin çəkildiyini diqqətə çatdırıb.

Müsabiqənin yekununda 1-ci yerin qalibləri Hacırüstəmli kənd tam orta məktəbin şagirdi Ləman Əsədova, Kürdmahmudlu kənd tam orta məktəbin şagirdi Dilarə Səmədova, Rəsullu kənd tam orta məktəbin şagirdi Məhsəti Şəmmədova, 2-ci yerin qalibləri 1 saylı məktəb-liseyin şagirdi Fidan Məmmədli,  Cəfərli kənd 1 saylı məktəbin şagirdi Nurlan Musayev və 3-cü yerin qalibləri Əliqulular kənd tam orta məktəbin şagirdi Nəzakət Babazadə, 3 saylı məktəbin şagirdi Nicat Abbasov, 5 saylı məktəb-liseyin şagirdi Aytən Mirzəyeva olublar.

YAP-ın İmişli rayon təşkilatında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.