14.06.2019

“Son zəng” tədbirləri keçirilib

Ənənəyə uyğun olaraq “Son zəng” tədbirləri İmişli rayonunun ümumi təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə İmişli rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları, valideyn komitələri, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılıb. “Son zəng” tədbirləri yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilib.

Məlum olduğu kimi “Son zəng” tədbirləri təhsil naziri Ceyhun Bayramovun 7 iyun 2019-cu il tarixli F-350 nömrəli əmrinə əsasən, yalnız ümumi təhsil müəssisələrinin həyətində keçirilir.

Tədbirlərdə təhsilin inkişafı ilə bağlı dövlət siyasətindən, dövlətimizin təhsilin inkişafına xüsusi önəm verilməsindən danışılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlərin İmişli rayonunda da əksini tapması qeyd olunub.

Son on il ərzində rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 42-dən çox məktəb binası yenidən tikilib və ya əsaslı təmir olunub. Bu məktəblər tədris üçün müasir avadanlıqla təchiz olunub. Bir modul tipli məktəb binası quraşdırılıb və iki məktəb binasının tikintisi davam etdirilir.

Tədbirlərdə şagirdlərin, məzunların iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və müxtəlif səhnəciklər göstərilib. Dərs ili ərzində tədrisdə, müxtəlif bilik yarışlarında fərqlənən müəllim və şagirdlər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.

 


Açar sözlər: ,  ,  ,  ,