09.07.2019

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimlərinə başlanılıb

İmişli şəhər 5 saylı məktəb-liseydə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin ixtisasartırma təlimlərinə başlanılıb.

Təlimlərdə İmişli rayonunun ümumtəhsil məktəblərindən 98 nəfər müəllim iştirak edir.

İyulun 13-dək davam edəcək təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafı, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətinin üzə çıxarılması, sağlamlığının qorunması, estetik tərbiyəsi, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

Təlim Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə təhsil mərkəzinin (İTE) təlimçiləri Namiq Aslanov, Bəhruz Eyvazov və Rauf Əsədov tərəfindən həyata keçirilir.