14.09.2019

İmişlidə yeni məktəb binalarının açılışı olub

Sentyabrın 14-də İmişli rayonunda Qızılkənd və Aranlı kənd 2 saylı tam orta məktəblərin açılış mərasimi keçirilib.  Tədbirdə Təhsil Nazirliyinin, İmişli şəhər İcra Hakimiyyətinin və İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəblilər, müəllimlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Açılış mərasimində çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rayon mərkəzindən 30 kilometr uzaqda yerləşən Qızılkənd və Aranlı kənd 2 saylı tam orta məktəblərin indiyədək köhnə binada yerləşdiyini bildirib. Qeyd edilib ki, bu məktəblər təhsil göstəricilərinin yüksək olması ilə fərqlənib. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Vilyam Hacıyev bildirib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahəyə qoyulan investisiyalar böyük əhəmiyyət kəsb edir.

Yeni məktəbdə hər bir fənn üzrə ixtisaslı müəllimlər tədris aparır. Qızılkənd kənd tam orta məktəbdə 560 nəfər şagirdin təlim-tərbiyəsi ilə 37 nəfər müəllim, Aranlı kənd 2 saylı tam orta məktəbdə 196 nəfər şagirdin təlim-tərbiyəsi ilə 23 nəfər müəllim müəllim məşğul olur.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. O, bildirib ki, məktəblər vahid standart əsasında müasir təhsil sisteminə uyğun inşa olunur. İlin sonunadək daha bir neçə bölgədə yeni məktəblər istifadəyə veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan 624 şagird yerlik Qızılkənd kənd və 132 yerlik Aranlı kənd 2 saylı tam orta məktəblərində müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var.

Yeni məktəb binalarının açılış mərasimində məktəblərin direktorları Qismət İbrahimov, Kərim Kərimov, yerli sakinlər və başqaları çıxış edərək son illər rayonda aparılan geniş abadlıq, quruculuq və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.