20.09.2019

GÇH rəhbərlərinin iştirakı ilə tədbir keçirilib

İmişli Rayon Təhsil Şöbəsində ümumi təhsil məktəblərində GÇH rəhbərlərinin fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev, İmişli rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Qulu Əsədov iştirak ediblər.

Ələmdar Quliyev çıxışında hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildirib. O, vurğulayıb ki, hərbi rəhbərlər ilk növbədə özləri şagirdlərə nümunə olmalıdırlar. Çünki məktəblilərin hərbi xidmət və ordumuz barədə ilkin təəssüratları məktəbin hərbi rəhbərlərinin təsiri nəticəsində formalaşır. Buna görə də hərbi rəhbərlərin özləri də davranışlarına və peşəkarlıqlarının artırılmasına ciddi yanaşmalıdırlar.

Qulu Əsədov çıxışında bildirib ki, rayonda binası yenidən tikilən Qızılkənd və Aranlı kənd 2 saylı tam orta məktəblərin hərbi kabinetləri yeni əyani vəsaitlərlə təmin olunub. Bu sahədə yaradılmış şərait və həyata keçirilən tədbirlər hərbi rəhbərlərin işlərinə daha məsuliyyətlə yanaşmaları üçün stimul yaradıb. O, məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Daha sonra qeyd edib ki, gənclərin çağırışaqədərki hazırlığı fənni həm gənclərin fiziki və hərbi-vətənpərvərlik tərbiyəsində, həm də ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət daşıyır. Fənn müəllimləri öz işlərini tələb olunan səviyyədə qurmalı və şagirdlərin ən azı gənc əsgər səviyyəsində yetişdirilməsinə xüsusi diqqət yetirməlidirlər.

Qulu Əsədov “Vətənin müdafiəsinə hazıram!”  adlı silsilə tədbirlərin 2019-2020-ci dərs ilində də keçirilməsinin və  bu tədbirlərdə müharibə veteranlarının, müəllimlərin iştiraklarını təşkil etməyin, şagirdlərin vətənpərvərlik ruhunda çıxışlarının ümumi işə böyük fayda verə biləcəyindən də danışıb. O, bildirib ki, məktəblilər müntəzəm olaraq hərbi hissələrə aparılmalsı davam etdirilməli, praktiki hərbi xidmətlə tanış edilməlidirlər.   

Sonda 2019-2020-ci dərs ilində GÇH rəhbərlərinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi və onların bilik və bacarıq səviyyələri müzakirə edilib. Hərbi rəhbərlərin peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağını bildiriblər.

 Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,