01.10.2019

Beşyaşlıların ilk dərs günü

İmişli rayonunun 52 ümumi təhsil müəssisəsində yaradılmış 78 məktəbəhazırlıq qruplarında 1295 nəfər 5 yaşlı uşaq məktəblərə ilk addımlarını atıb.

Mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məşqələlərin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında dərslərin aparılması təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə verilib.

Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür: I yarımil - 1 oktyabr - 26 yanvar, II yarımil isə 1 fevral - 31 may tarixlərini əhatə edir. Uşaqlar 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və 5 gün isə əlavə tətilə (1-5 may) buraxılırlar.