02.10.2019

Arzu Quliyeva: “Optimist olmaq və dünyaya xoş duyğularla baxmaq lazımdır”

Quli̇yeva Arzu Tofi̇q qızı 1966-cı ildə İmişli rayonunda anadan olub. Orta təhsilini 1973-83-cü illərdə İmişli şəhər 1 saylı tam orta məktəbində alıb. 1988-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini bitirib. Həmin ildən Çaxırlı kənd F.Quliyev adına tam orta məktəbində pedaqoji fəaliyyət göstərir.

Arzu müəllim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində (DQ) 59 bal toplayıb. Şagirdlər onu sevir, həmkarları isə ona hörmət edirlər. Arzu müəllimin əsas uğurlarından biri şagirdlərini müxtəlif faydalı işlərə ruhlandırmaq bacarığının olmasıdır. Arzu müəllimə böyük hərflərlə əsl müəllimdir. O, İmişli Rayon Təhsil Şöbəsindən (RTŞ) və çalışdığı məktəbdən gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə diplom və “təşəkkürnamə”lərlə təltif olunub. Metodik Kabinet tərəfindən iş təcrübəsi öyrənilib və yayılıb.

 O, bizə müsahibə verməyə asanlıqla razılıq verdi. Beləliklə, Arzu müəllimə həyat, məktəb, özü haqqında və bizim dövrümüzdə "müəllim" olmaq nə deməkdir suallarını cavablandırdı.

 

-Arzu xanım karyeranızdan razısınız?

-Bəli. Amma, heç vaxt karyeramda uğur qazanmağı qarşıma məqsəd qoymamışam. Çünki, karyera, bəlkə də bir növ şəxsi keyfiyyətlərin cəmidir, yüksəlmək üçün isə böyük bir istəkdir. Fikrimcə, "müvəffəqiyyət" anlayışı bir qədər başqadır. İstəyirəm ki, dərs keçdiyim şagirdlər onlara tədris etdiyim fənnin  aktuallığını başa düşsünlər və hətta məktəb divarlarından kənarda belə bu aktuallığı saxlasınlar. Təbii ki, bunun üçün əlimdən gələni edirəm.

-Nə vaxtsa hər şeyi atmaq və özünüzü tamamilə fərqli bir fəaliyyət sahəsində göstərmək istəyirsinizmi?

-Yəqin ki, bu istəklər yorğunluq anlarımda olub.  Elə "pik" vəziyyətlər olur ki, həmin anlarda öz-özünə sual verirsən: "bütün bunlar mənim nəyimə lazımdır?". Amma cavabı anında da hazır olur: axı bu sənin həyatının mənasıdır.

Başqa bir sahədə özümü axtarmaq üçün heç bir səbəbim, heç bir fikirim yoxdur.

-Sizin şagirdləriniz arasında yalnız oxumağa yönəlmiş uşaqlar üstünlük təşkil edir, yoxsa onların arasında qeyri-adi və xarizmatik uşaqlar var?

-Hesab edirəm ki, öyrənməyə yönəlmiş uşaqlarda da xüsusi bir xarizma var. Belə uşaqların ciddi bir məqsədi olur - bilik əldə etmək və bundan sonra da həyatını bu yol üstündə qurmaq. Şagirdlər arasında tamamilə fərqli uşaqlar var. Amma bu, birinin digərindən daha yaxşı və pis olduğunu anlamını yaratmır.

-Şagirdlərinizdən öyrənəcəyiniz bir şey varmı?

-Bəli! Bu onlarda olan, müasirlik və hərəkətlilik, onların bu gün həyatda rahatlıqla irəli addımlamalarıdır! Bəzən, bunları özümdə hiss etmirəm. Mən tez-tez "dünənki gün" barəsində təhlillər aparıram. Bu  barədə çox düşünürəm və bu qənaətə gəlirəm ki, yaşadıqlarımıza diqqəti yönəltmədən ancaq irəli getmək lazımdır..

-Sizin ən yaddaqalan dərsiniz?

-Bəli, belə bir dərs olub. Biz bir dəfə bəzi suallara cavab axtarmaq qarşısında qalmışdıq. Hansı ki, bu suallar, hətta orta məktəb proqramlarında, dərsliklərdə belə yox idi. Bunun həlli üçün uşaqlara standart esselər deyil (inşalar), özləri tərəfindən bizim axtardığımız suallara cavab olaraq müxtəlif mövzularda mini-tədqiqatlar aparmağı tapşırdıq. Bu böyük və maraqlı iş, həqiqətən, mənə həyat üçün dərs kimi göründü. Mən öz işimin, peşəmin əhəmiyyətini onda başa düşdüm.

-Uşaqlar nəyi bilmirlər və nəyi onlara öyrədə bilmisiniz?

-Bir çoxlarına qələmi düzgün tutmağı, rus dilində məktublar yazmağı, heca və sözləri oxumağı, daha təmkinli və səbirli olmağı, ümumi davranış qaydalarına riayət etməyi və komanda ilə işləməyi öyrətmişəm. Ancaq, fikrimcə, bu, mənim əziyyətim deyil, burda valideynlərin də böyük əməyi var.

Mən həmişə şagirdlərimə öz imkanlarını göstərməyə, oxumağa həvəsləndirməyə, bacardıqlarını və bacarıqlarını göstərməyə dəstək vermişəm.  Bacarıqlarını təkrar-təkrar, səbirlə və diqqətlə həyata keçirməyə həmişə kömək olmuşam. Bu isə sınaq və təkrarlama üsuludur. Bu işdə həmişə valideynlərin köməyini hiss etmişəm. Bu cür ikitərəfli iş ən effektli işdir. Axı dərsə ayrılan vaxt ən yaxşı nəticələr əldə etmək üçün kifayət etmir. Şadam ki, ev tapşırıqlarının həllində isə qeyd etdiyim üsulla nail ola bilmişəm. Ümumiyyətlə, təhsilalma, təhsilvermə mövzusunda uşaqlar və valideynlərlə rabitəlilik maraqlı və faydalıdır.

-Rus dilində əldə edilmiş səviyyəni möhkəmləndirmək üçün uşaqlara nə tövsiyə edərdiniz?

-Audio nağıllara qulaq assınlar, kitab oxusunlar, rus dilində leksik oyunlar oynasınlar. Bu işdə mənim ən çox xoşuma gələn "Bu nədir?" və "Mən nə düşünürəm?" oyunlarıdır. Müəllimlərə də tövsiyəm odur ki, dərslərdə bu oyunlardan tez-tez istifadə etsinlər.

-Sizin həyat deviziniz?

-Heç vaxt heç nədən peşman olmayın, utanmayın! Hər kəs öz həyatı ilə bu həyatda parlaqdır. Özünüzü və ətrafınızdakılar üçün bir "ləzzət" tapmağa çalışın! Optimist olmaq və dünyaya xoş duyğularla baxmaq lazımdır.

-Həyatda ən çox nədən yorulursunuz?

-Fiziki baxımdan bəzən, vaxtın azlığından, işlərin çoxluğundan və onların öhdəsindən gələ bilməməkdən. Amma, zehni yüklənmədən mən heç vaxt yorulmamışam və heç vaxt "iş prosesi"ndən bezməmişəm! Mən işimi sevirəm, yanımda olan insanları sevirəm və "həyatdan yoruluram" deyə düşünmürəm! Həyatdan yorulmaq olmaz, onu sevmək lazımdır!

-Bu gün müəllimlər arasında rəqabət varmı?

-Düşünürəm ki, əsl müəllimlər arasında yox! Rəqabət yox, dəstək var! Deyərdim müəllimlik peşəsi peşələrin ən çətinidir. Buna görə də, bu sahədə çalışanların əməyinə böyük bir heyranlıq var. Əsl müəllimlər isə biri-biriləri ilə rəqabət aparmırlar, onlar həmişə bir-birini dəstəkləyirlər!

-Siz orta məktəbdə necə şagird olmusunuz?

-Məktəbdə nümunəvi şagirdlərdən olmuşam. Mən indi başa düşürəm ki, yuxarı siniflərə qədər mənim bilik səviyyəm orta olub. Mən hər şeyi öyrənirdim, amma mənə maraqsız görünən mövzularla dərindən maraqlanmırdım. Anlayaraq belə bir nəticəyə gəldim ki, elm sevimli və ya sevimli deyil, istədiyiniz və ya istəmədiyinizlərə bölünə bilinməz. Əvvəlcə mətnləri, düsturları araşdıraraq mövzuları daha dərindən öyrənməyə çalışmaq lazımdır.

-Hansı tarixi dövrdə yaşamaq istərdiniz?

-Əlbəttə ki, müasir dövrümüzdə!

-İdeal gününüz hansıdır.

-Şənbə günü. Şənbə günü işdən evə gələndə başa düşürəm ki, nəhayət ki, istirahət üçün boş bir gün olacaq və bu isə həftə əvvəlindən gözlənilən gündür. Mən başqa bir "min" işi yerinə yetirmək imkanı haqqında xəyal etməyə başlayıram. Lakin, növbəti günün bazar günü olması bu imkanı həyata keçirməyə imkan vermir. Mənim üçün şənbə gününü axşamı ən ideal vaxtdır desəm yanılmaram!

-"Müəllimlər Günü"nə hədiyyə almaq istərdiniz?

-Mənim üçün əsas hədiyyə – yaxın insanların xoş əhval-ruhiyyəsi, öyrətdiyim uşaqların mehriban, parlaq baxışlarıdır. Başqa bir baxımdan isə, hesab edirəm ki, istədiyin hər şeyi özünə hədiyyə etmək olar.

-Əgər gələcəyinizi bilmək imkanınız olsaydı, buna qərar verərdiniz?

-Əllbəttə yox! Heç bir halda!  Gələcək haqqında, səni nələrin gözlədiyi barəsində fikirləşmək olar.  Lakin, gələcək haqqında bəzi şeyləri bilib və bu belə olacaq başqa cür yox deyib yaşamaq olmaz. Fikrimcə, bu halda həyatın mənası itir!

-Uşaqlara yeni dərs ilində nə arzulayırsınız?

-Mən şagirdlərimi öz övladlarım bilirəm. Odur ki, övladlarıma arzuladıqlarımı onlara arzulayıram.