01.11.2019

Xuraman Kazımova: “Müəllim düşüncəni çatdıran, bu düşüncəni uşaqların şüurunda oyadan, onlara özünü tapmağa kömək edəndir”

Xuraman Kazımova Çaxırlı kənd F. Quliyev adına tam orta məktəbində pedaqoji fəaliyyət göstərir. Xuraman müəllim müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində (DQ) 58 bal toplayıb.

 Xuraman müəllimə məktəb, təhsil, özü haqqında və bizim dövrümüzdə "müəllim" olmaq nə deməkdir suallarını cavablandırıb.    

 

-Xuraman müəllimə, özünüz və peşəniz haqqında bizə danışın?

-Mən Kazımova Xuraman Qəşəm qızı 1966-cı ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olmuşam. Mən artıq 30 ildir İmişli rayonunun Çaxırlı kənd tam orta məktəbində tarix müəllimi işləyirəm. Orta təhsili Qaraqaşlı kənd məktəbində almışam. Məktəbdə mənim çox yaxşı və gözəl müəllimlərim olub. Mən həmişə onlara bənzəmək istəmişəm və onlardan nümunə götürmüşəm. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişəm. O illərdən də Çaxırlı məktəbində çalışıram. Seçimim məktəbdə oxuyarkən sinif saatlarında uzun düşüncələr və evdə çoxsaylı mübahisələrdən sonra həyata keçib. İnstitutda təhsil almağım isə mənim seçimimin düzgünlüyünü bir daha təsdiq etdi. Çalışdığım məktəb 2012-ci ildə yenidən tikilib və məktəbdə təhsil almaq üçün hər bir şərait yaradılıb. MİQ-də iştirak edərək 58 bal toplamışam.

-Sizi peşənizə nə cəlb edir?

-Mənim peşəm məni nə ilə cəlb edir: bir cümlə deyim ki, "düşünməyi öyrətmək, gözəllik hissini tərbiyə və inkişaf etdirmək". İ. Kant deyib ki, "İş - həyatdan zövq almaq üçün ən yaxşı yoldur". Mən heç nədən peşman deyiləm! Həqiqətən, işimin sayəsində ətrafımda mənə ehtiyacı olan və ehtiyacın duyduğum insanlar həmişə çoxdur. Bir çox həmkarlarım da mənimlə həmfikirdirlər, bizim yaradıcı bir kollektivimiz var. Mən şagirdlərimi sonsuza qədər sevirəm, həmkarlarıma səmimi münasibət bəsləyirəm və bu peşənin böyük gələcəyinə inanıram. Müəllim həmişə vaxtın, zamanın zirvəsindədir, axı gələcəyi o tərbiyə edir. Gələcək isə təkcə müasir, insan tərəfindən yaradılmış zəruri şeylərdən ibarət deyil, həm də nəsillərin sübut olunmuş təcrübəsinə əsaslanmalıdır. Müəllim yeniliyindən istifadə edərək, köhnəni unutmur, onları bir-birinə birləşdirir. Müəllim həmişə yaradıcıdır, çünki yalnız yaradıcı şəxsiyyətlər insanları öz arxasınca aparır. Müəllim çox şeyi bacarmalı və birinci olmalıdır.

-Bəs işinizdə ən çətin olan nədir?

-Müəllim peşəsində ən çətin şey, mövcud vəziyyətlərdən düzgün bir həll yolunu tapmaqdır.

-Nə vaxtsa bu  peşəni seçdiyinizdən məmnunsunuz?

-Peşənin bütün çətinliklərini dərk edərək seçimimdən məmnunam və özümü başqa yerdə təsəvvür edə bilmirəm. Məktəbdə heç vaxt "inkişafda dayanma" yoxdur: həmişə öyrənmək, yeni bir şey öyrənmək məcburiyyətində qalırsan. Uşaqlara dərs deməyi və biliklərimi artırmağı xoşlayıram. Ən böyük arzum şagirdlərimi uğurlu, təhsilli insanlar kimi görməkdir. Düşünürəm ki, yalnız müəllimlərin sayəsində insanlar hərtərəfli inkişaf edə bilər. Müəllim peşəsini seçdiyim üçün isə heç vaxt peşman olmamışam.

-Peşənizi kimə tövsiyə edərdiniz?

-Düşünürəm ki, müəllim peşəsin iilk növbədə o insanlar seçməlidirlər ki, hansı ki onları öz təhsil yollarında bu peşəyə sövq edən istedadlı və maraqlı müəllimlərdən dərs alıblar. Burada ailədəki pedaqoji ənənələrə və uşaqlara olan sevgini nəzərdən qaçırmaq olmaz.

-Sizin kimi eyni peşəyə sahib olanlara nə demək istərdiniz?

-Müasir dünyada müəllim peşəsi, fikrimcə, əvvəlki kimi qiymətləndirilmir. Böyük qəlbi və səbri olan, öz peşəsinin vurğunu olanlar müəllim işləyə bilər. Lakin, müasir məktəbdə işləmək və müasir müəllim olmaq üçün isə özünü hər zaman, hər yerdə elə aparmalısan ki, şagirdlər həqiqi olaraq sizə hörmət etsinlər. Müəllimi görəndə şagirdlər ənənəyə görə deyil, ona hörmət əlaməti olaraq masadan dursun.

-Müəllimlik peşəsində nəyi ən vacib hesab edirsiniz?

-Fikrimcə, müəllim peşəsində ən vacib məsələ yalnız dərs və tədris proqramları ilə kifayətlənməməkdir. Müəllim düşüncəni çatdıran, bu düşüncəni uşaqların şüurunda oyadan, onlara özünü tapmağa kömək edəndir. O bilik daha çox qiymətlidir hansı ki, müstəqil yolla əldə olunub.

-Sizin dərsdəki rolunuz nədir?

-Dərsdəki rolum şagirdləri maraqlandırmaq, layihə, tədqiqat işi, təqdimat, esselər, yaradıcılıq işi və ya dərslik mətni ilə müntəzəm və müstəqil işləməyə ruhlandırmaqdır. Dərsdə yaradıcı, aktiv bir atmosfer yaratmaq və şagirdlərin kiçik kəşflərini müşahidə etmək məni daha çox sevindirir.

-Məktəbdə “sevimli” şagirdləriniz var?

-Bəli, əllbəttə var. Amma mən həmişə heç kimi fərqləndirməməyə çalışıram, çünki bu müəlimlik işinə çox mane olur.

 


Açar sözlər: ,  ,