11.12.2019

“Erkən nigah olmaz” devizi altında maarifləndirici görüş keçirilib

İmişli Rayon Təhsil Şöbəsinin və Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə İmişli şəhər 1 saylı məktəb-liseydə və 2 saylı tam orta məktəbdə valideynlərlə “Erkən nigah olmaz”devizi altında maarifləndirici görüş  keçirilib.

         Tədbirdə prokuror Valeh Səmədov erkən nigahın cəmiyyətdə mənəvi və əxlaqi dəyərlərə sarsıdıcı təsir etdiyini bildirərək, belə hallar qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayaraq bu istiqamətdə daha ciddi addımların atılması üçün valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsindən danışıb.

İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev erkən ailə quran yeniyetmələrin təhsil almasının sual altında qaldığını, belə hallarda yeniyetmə ananın məktəbdən uzaqlaşdığını və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olduğunu bildirib. Erkən nikahın qurbanı olan gənc anaların sonralar öz həytlarından şikayətləndiklərini diqqətə çatdırıb. O, erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və bunun da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarında ortaya çıxdığını və həmin ailələrdə formalaşan uşaqların tərbiyəsində fəsadlar yarandığını qeyd edib.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,