15.01.2020

“Oksigen yarımqrup elementləri. Sulfat turşusu” mövzusunda “açıq dərs”

İmişli şəhər 5 saylı məktəb-liseyin kimya müəllimi Firuzə Bayramovanın 9-cu sinifdə “Oksigen yarımqrup elementləri. Sulfat turşusu” mövzusunda “açıq dərs”i olub.

Tədqiqat sualının şagirdlərə verilməsi şagirdlərin “Xalkogenlər”, “Pirit” və “Kükürd” qruplarına bölünməsi ilə aparılıb. Tədqiqatın aparılması üçün hər bir qrupa laboratoriya işlərinin (təcrübələrin) aparılması tapşırılıb.

“Xalkogenlər” qrupuna sulfat turşusunun təyin edilməsi və tətbiqi reaksiyaları, “Pirit” qrupuna sulfat turşusunun kimyəvi xassələri, “Kükürd” qrupuna sulfat turşusunun fiziki xassələri və onun alınma metodları üzrə tapşırıqlar verilib.

Şagirdlər şəkərin kömürləşməsi, sulfat turşusunun təyini reaksiyası – barium nitratla qarşılıqlı təsirdən ağ rəngli çöküntünün əmələ gəlməsi, kağızın kömürləşməsi, yanmayan tüstü reaksiyasıvə sulfat turşusunun daha zəif turşuların duzu ilə qrşılıqlı təsiri reaksiyası təcrübələrini aparıblar.

Daha sonra şagirdlər tərəfindən təqdimat hazırlanaraq müzakirə edilib. Şagirdlərin təqdimatı göstərib ki, şagirdlərə öz fikirlərini sərbəst şəkildə şifahi və yazılı formada ifadə etmək, tədqiqatçılıq, nitqin səlisliyini gözləmək vərdişləri aşılanıb. Bununla yanaşı, dərsin gedişindən aydın olub ki, müəllim coğrafiya, biologiya və riyaziyyat fənnləri arasında inteqrasiya qurmağın da öhdəsindən asanlıqla gəlir.

Dərsdə maraq doğuran hallardan biri də şagirdlərin hər birinin fəallıq göstərməsi olub. Onların buraxdığı bəzi səhvlər isə ustalıq və həssaslıqla müəllim tərəfindən təhlil edilib.


Açar sözlər: ,  ,  ,  ,