17.01.2020

“20 Yanvar - istiqlal mübarizəmizin faciə və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “20 Yanvar - istiqlal mübarizəmizin faciə və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə 20 Yanvar faciəsi haqqında şagirdlərə geniş məlumat verilib və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi tədbir iştirakçılarının diqqərtinə çatdırılıb.

Xalqımızın hər zaman ədalətsizliyə, işğala, ayrı-seçkiliyə qarşı şərəflə, mərdliklə mübarizə apardığı da bir daha vurğulanıb.

O da bildirilib ki, 20 Yanvar faciəsi - qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası xalqımızın demokratiya, milli azadlıq uğrunda mübarizəsini boğmaq və ona mənəvi zərbə vurmaq məqsədi daşımış, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir.

Sonda müəllim və şagirdlər şəhidlər xiyabanını ziyarət ediblər.