28.01.2020

“Bu, korrupsiyaya qarşı çox ciddi addımdır.” 

Təhsil naziri Ceyhun Bayramov yanvarın 27-də keçirilən mətbuat konfransında korrupsiya faktlarına qarşı həyata keçirilən tədbirlərdən söz açarkən bildirib ki, ötən il 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.

Qeyd edilib ki, görülən işlər nəticəsində 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Eyni zamanda ötən il 10 direktor və direktor müavini işdən kənarlaşdırılıb.

Təhsil nazirinin bu istiqamətdə atdığı addımlar təhsildə şəffaflığın qorunmasına, neqativ halların aradan qalxmasına xidmət edir.

  “Təhsil işçisi bu problemlə üzləşəndə dövlətçiliyə, işlədiyi sturukturlara inamı azalır”

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev Təhsil nazirinin əmri ilə İmişli RTŞ-nin müdiri vəzifəsinə ötən il təyin olunub, 34 ilin təhsil işçisidir. Məsələ ilə bağlı o, deyib ki, “Məktəb direktoru, sinif müəllimi, aparıcı məsləhətçi vəzifələrində çalışmışam. Təcrübəmə əsasən, deyə bilərəm ki, korrupsiyaya qarşı mübarizə əsas məsələlərdəndir. Çünki real həyatda doğruluq və düzgünlük görməyən təhsil işçisi bu problemlə üzləşəndə dövlətçiliyə, işlədiyi sturukturlara inamı azalır. Konkret öz fəaliyyətimdən bir neçə nümunə gətirmək istərdim:

Rayon Təhsil Şöbəsinə təyinat alanda İmişli rayonunda da belə xoşagəlməz hallar var idi. Müxtəlif adlar altında aylıqlar yığılır, tədbirlər adıyla xoşagəlməz hallar baş verirdi. Birmənalı deyirəm, respublikamızda dediyimiz hallarla tam şəkildə mübarizə aparan 5-10 RTŞ varsa, onlardan biri də İmişli Rayon Təhsil Şöbəsidir. Bu məsələlərlə bağlı İmişlidə hər hansı problem yoxdur. Təhsilin inkişafı naminə qəti addımlar atırıq. Direktor və müavinlər bu məsələnin qəti qoyulduğunu, başqa çıxış yolunun olmadığını görüb diqqəti təhsilə yönəldirlər.

Həmin qurumlarda işləyənləri, təşkilatçı müavinləri də başa düşürəm. Çünki vaxtilə müxtəlif adlar altında yığılan vəsaitlər müəllim və direktorlar arasında bir inamsızlıq yaradıb. “Filan şeyi verəcəm, bununla da işim istədiyim şəkildə gedəcək” düşünürlər. Təbii, bunda həqiqət də vardı. Çünki gözükölgəli direktorlar tədrisin yaxşılaşdırılması məqsədilə müəllimlərin üzərinə gedə bilmirlər”.

Prezidentin korrupsiyaya qarşı atdığı inamlı addımlar, strukturlar qarşısında qaldırılan məsələlər işi yeni tələblər üzərində qurmağa imkan verir:

“Vaxtilə müxtəlif tədbirlər adı altında pul yığırdılar. Təyinatımdan 9 ay keçib, bir dəfə İmişli RTŞ nümayəndələrini çağırıb deməyiblər ki, filan şeyi niyə keçirirsən. Bu, qəti mövqeyimizdi. Belə məsələlərə birmənalı olaraq son qoyulub. Korrupsiyaya öyrəşən insanlar sanki bunun üçün darıxırlarmış kimi müxtəlif vasitələrlə məsələnin çox böyük əhəmiyyətə sahib olduğunu, əks təqdirdə həyat şəraitimin pis olacağını və s. deyirdilər. Bu gün bir dövlət qulluqçusu olaraq həyatımdan tam razıyam. Cənab Prezident və Təhsil Nazirliyinin atdığı addımları dəstəkləyir, təhsildə demokratik ab–havanın bərqərar olacağına, bunun korrupsiyaya qarşı mübarizədə ciddi rol oynayacağına inanıram”.


Açar sözlər: ,  ,