16.03.2020

Gülgün Rzayeva: “Mən xoşbəxtəm ki, müəlliməm”

Rzayeva Gülgün Əlizamin qızı 1991-ci ildə İmişli rayonunda anadan olub. Orta təhsilini Heydər Əliyev adına liseydə alıb. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. 2018-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Gülgün müəllim müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) 52 bal toplayıb və hazırda Hacalmuradlı kənd tam orta məktəbində çalışır.

Gülgün müəllimə həyat, məktəb, özü haqqında və dövrümüzdə "müəllim" olmaq nə deməkdir suallarını cavablandırıb.    

 

-Gülgün xanım, gənc müəllimin yeni iş yerində hörmətlə qəbul edilməsi, ona kömək edilməsi uğurlu başlanığıc üçün vacib şərtlərdəndirmi?

-Bəli, ümumiyyətlə, insan ilk növbədə özünə və qarşısındakı insana hörmət etməlidir. Belə olduqda, hər kəs sənə hörmət edəcək. İş yerində həmkarların bir-birinə hörmət etməsi, yeri gəldikdə kömək etməsi, dəstək olması həmin mühitin daha səmimi, işgüzar olmasına, görülən işin daha faydalı, səmərəli olmasına gətirib çıxarır. Bu baxımdan mən işlədiyim kollektivdən çox razıyam.

-Siz ikinci ildir işləyirsiniz, artıq müəyyən qənaətiniz və təəssüratlarınız var. Bu peşə fəaliyyətində sizi nə cəlb edir, axı bu sahədə uğur qazanmaq heç də asan iş deyil?

-Mən 2018-2019-cu tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) 52 bal toplayaraq İmişli rayonunun Ağamallar kənd tam orta məktəbində, 2019-2020-ci tədris ilindən isə yerdəyişmə edərək Hacalmuradlı kənd tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq çalışıram. Bu peşədə məni cəlb edən ən əsas məqam müəllimlik sənətinə olan sevgim, müəllimlik peşəsinə olan vurğunluğum, şagirdlərimin gözlərində gördüyüm təmiz, məsum sevgidir.

-Həmkarlarınız barədə nə deyə bilərsiniz?

-Biz müəllimlərin ən əsas amalı Vətənə layiq, savadlı şəxsiyyət yetişdirməkdir. Bu müqəddəs, amal bizi birləşdirir. Biz hər zaman fikir mübadiləsi aparırıq, təhsilin daha da irəli getməsi üçün birlikdə çalışırıq.  Qarşılıqlı əməkdaşlıq nəticəsində əldə etdiyimiz uğurlar bizə daha çox çalışmağa, təhsildə yeni-yeni cığırlar açmağa stimul verir.

-Uşaqları yaxşı oxumağa necə həvəsləndirirsiz? Öz peşəkar sirləriniz varmı?

-Mənim ən birinci önəm verdiyim şagirdə şəxsiyyət kimi yanaşmaqdır. Hər şagirdin fikrini dinləyirəm, özünü ifadə etməsinə şərait yaradıram. Həmçinin, uşaq müəllimi sevirsə, onun fənnini də həvəslə oxuyur. Onları daha da həvəsləndirmək üçün şagirdlər arasında sağlam rəqabət yaradıram, internet resurslarından istifadə edirəm, maraqlı, intellektual yarışlar təşkil edirəm. Bəzən, şagirdlərimlə yerimizi dəyişirik, onlar müəllim olurlar, dərs izah edirlər. Bu, onlarda məsuliyyət, dərsə sevgi, həvəs yaradır

-“Çətin uşaq”, “çətin yeniyetmə” və s. kimi ifadələrə münasibətiniz necədir?

-Təbii ki, hər sinifdə bir nəfər də olsa, “çətin uşaq” olur. Mənim sinfimdə də belə şagirdlər olub. Amma, o şagirdləri kənarlaşdırmaq, “səndən heç nə olan deyil” demək olmaz. O şagirdlərə inanmalısan. Onlara inandığını, onların nə qədər dəyərli olduqlarını, nə qədər lazımlı olduqlarını hiss elətdirməlisən. İnam böyük qüvvədir. İnanın, həmin şagirdlər bir müddətdən sonra sinfin ən fəal, ən çalışqan şagirdi olurlar.

-Bəziləri deyirlər ki, müəllim peşəsində əsas onun adıdır. Başqaları isə deyir ki, keyfiyyətli təhsil almadan layiqli müəllim olmaq mümkün deyil. Bəs siz necə düşünürsünüz?

-Mən düşünürəm ki, insan müəllim olaraq doğulur, bu sevgi sonradan yaranmır. Mən öz peşəmin vurğunuyam, uşaqlıqdan tək arzum müəllim olmaq olub. Həmçinin, öz peşəmin məsuliyyətini də dərk edirəm. Yaxşı müəllim olmaq istəyirəmsə, ilk öncə, şagirdlərlə işləməyi bacarmalıyam. Yeri gəldikdə, onlara ana, dost olmalıyam.

Öz ixtisasımı dərindən bilməliyəm, hər zaman öz üzərimdə çalışmalıyam. Şagirdləri həyata hazırlamalıyam, onları dürüst, vicdanlı, əsl insan kimi formalaşdırmalıyam. Bütün bunlara nail olmaq üçün isə müəllim özü davranışı və məsələlərə münasibəti ilə şagirdlərə nümunə olmalıdır.

-Müəllimlərinin təcrübəsindən yararlanırsınızmı?

-Mən orta təhsilimi Heydər Əliyev adına liseydə, ali təhsilimi isə Azərbaycan Dövlət Pedaqoji Universitetində almışam. Mənə dərs deyən müəllimlərimə ömrüm boyu minnətdaram. Bu gün də müəllimlərimin təcrübəsindən yararlanıram. Çətin anımda hər zaman onlara üz tuturam, fikir alıram.

-Siz 1 fevral 2020-ci il tarixdə keçirilən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının 1-ci formunun nümayəndəsisiniz. Bu barədə nə deyə bilərsiniz?

-Bəli, bildiyiniz kimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci il tarixində keçirilən Azərbaycan Müəllimlərinin XV qurultayında gənc müəllimlərin təşəbbüsü ilə yaradılıb. 1 fevral 2020-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının 1-ci forumu keçirildi. Burada 65 bölgədən 280 müəllim iştirak edirdi. Mən də İmişlinin gənc müəllimlərini bu forumda təmsil edirdim.

Forumda Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, nazirlik rəsmiləri iştirak edirdi. Belə bir tədbirdə olmaq mənim üçün, təbii ki, çox qürurverici və məsuliyyətli idi. Həmçinin, qeyd edim ki, İmişlinin bir çox gənc və fəal müəllimləri AGMA-nın nəzdində fəaliyyət göstərən İmişli Gənc Müəllimlər Assosiasiyasının üzvləridir.

Bu kimi tədbirlər gənc müəllimlərə stimul verir. Assosiasiyanın əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onları daha məhsuldar, səmərəli işləməyə həvəsləndirməkdir.

-Təhsilini başa vurub məktəblərə işləməyə gəlməyə hazırlaşan tələbələrə nə arzu edərdiniz?

-Müəllim olmağa hazırlaşan tələbələrə şagird sevgisi arzu edirəm. Bu sevgini bir dəfə yaşayandan sonra müəllimliyin necə müqəddəs peşə olduğunu hiss edəcəklər və mənim kimi deyəcəklər: “Mən xoşbəxtəm ki, müəlliməm”.


Açar sözlər: ,  ,