01.05.2020

“Evdə qalaq, evdə yaradaq!” onlayn respublika yaradıcılıq müsabiqəsinin qalibləri

Aərbaycan Respublikası Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi “Evdə qalaq, evdə yaradaq!” onlayn respublika yaradıcılıq müsabiqəsi keçirib.

Müsabiqə “Bədii qiraət”, “Əl işi”, “İfa” və “Rəqs” istiqamətləri üzrə keçirilib. İmişli Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Şəbnəm Mikayılova “Bədii qiraət” nominasiyasında bölgələr üzrə ikinci yerə çıxıb. “Əl işi” nominasiyası üzrə isə Aytac Muradzadə üçüncü yerin qalibi olub.

Yaradıcılıq müsabiqəsi Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçirilib.

Müsabiqənin əsas məqsədi ölkəmizdə yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində uşaqların asudə vaxtının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə yaradıcılığını inkişaf etdirməsi, eləcə də istedadlı və perspektivli uşaqların üzə çıxarılması olub.