09.06.2020

Peşəyə məhəbbət olanda

Müsahibimiz Mil-Muğan qovşağının gözəl diyarı, doğma İmişlimizin bir gənci, bir istedadlı pedaqoqudur: Muxtarova Əzizbəyim Şaiq qızı. Onun pedaqoji işi, işə yaradıcı münasibəti barədə yazı hazırlamaq fikrində idik. Nə gözəl ki, bu yazı onun təvəllüd ayına- iyuna düşdü. O, 1993 -cü ilin iyununda dünyaya göz açıb. Uşaqlıq və məktəb illəri doğma İmişlidə keçib. N.Nərimanov adına humanitar fənlər təmayüllü məktəb liseyi bitirib. Elə həmin ili - 2011-ci ildə Lənkəran Dövlət Universitetinin ingilis dili müəllimliyi fakültəsinə qəbul olub. 2013-2014-cü tədris ilində təhsilini Rumıniyanın Alexandru Iohan Cuzo Universitetində davam etdirib.

2015-ci ildə universiteti bitirdikdən sonra Vətənə qayıdıb. Təhsil Nazirliyinin Müəllimlərin İşə Qəbulundan (MİQ) 52 bal toplayaraq İmişlinin ehtiyac olan ərazilərində - Hacırüstəmli və Aranlı 1 saylı kənd tam orta məktəblərində ixtisası üzrə müəllim işləyib. Hazırda Təhsil Nazirliyinin müəllimlərin peşəkarlıq səviyyəsinin öyrənilməsi üzrə apardığı DQ-da 55 bal toplayaraq Qızılkənd kənd H. Hüseynov adına tam orta məktəbində işləyir.

Peşəyə olan sevgi işlədiyi məktəblərdə və İmişli təhsilində ona sonsuz istək yaratmışdır. Əzizbəyim xanım ingilis dilində məqalələr yazır, tərcümə işləri ilə də məşğul olur. İstedadlı gəncimizlə olan müsahibəni Sizə təqdim edirik:

-Peşə seçimi: Niyə müəllim?

-Müəllim olmaq uşaqlıq arzum idi. Həmişə özümü məktəbdə, sinifdə və şagird qarşısında hiss edirdim. Özü də xarici dil müəllimi kimi. Düşünürəm ki, elə müəllim olmaq üçün doğulmuşam. Başqa peşədə xoşbəxtliyimi tapa bilməzdim. Atamın da arzusu məni və bacımı müəllim görmək olub. Çox şükürlər ki, hər ikimiz müəllim olmaqla həm öz arzumuza çatmışıq, həm də atamızın arzusu reallaşıb.

-Ölkədə gənclərə göstərilən diqqət və qayğı Sizin işlədiyiniz pedaqoji kollektivdə və ümumən İmişli təhsilində necə həyata keçirilir?

-Bu gün Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsidir. Həm ölkə başçısı İlham Əliyev, həm də birinci vitse-prezident Mehriban xanım Əliyeva  gəncliyi cəmiyyətin aparıcı qüvvəsi kimi dəyərləndirir. Təbii ki, həmin dəyərləndirmə Təhsil Nazirliyi sistemində də uğurla həyata keçirilir. Müəllimlərin işə qəbulu son dərəcə şəffaf bir mexanizmlə tənzimlənib, yeni məktəb tikintiləri, maddi-texniki bazanın yaxşılaşdırılması, kadrlara olan münasibət ürəyimizcədir. Dərs ilinin başlanğıcında bizim H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbi üçün 624 şagird yerlik müasir məktəb binası istifadəyə verildi. Məktəbdə bütün fənlər ixtisas müəllimləri tərəfindən tədris olunur. Kollektivimizdə müəllimlərin əksəriyyəti gənclərdir. Məktəb rəhbərliyinin və rayon Təhsil Şöbəsinin qayğısından ruhlanırıq. Bu arada qeyd edim ki, rayonumuzda fəaliyyət göstərən Fəal və Gənc Müəllimlər Assosiasiyası təşəbbüskar, peşəsini ürəkdən sevən, istedadlı gəncləri bir araya yığmaqla bilik və bacarıqlarımızı istiqamətləndirir, yaxşı pedaqoq olmaq üçün əməyimizə stimul verir. Assosiasiyamızda Təhsil Nazirliyinin rəhbərləri ilə olan görüşləri və mənim hazırladığım metodik vəsaitin təqdimatını pedaqoji fəaliyyətimin ən gözəl anları bilirəm.

-Əmək fəaliyyətiniz qısa zaman kəsiyini əhatə etsə də, uğurlarınız, təqdir olunası işləriniz yetərlidir. “ Azərbaycanca-İngiliscə lüğət” kitabınız şagirdlər, ingilis dilini öyrənən hər kəs və ixtisas müəllimləri üçün nə qədər faydalıdır. Necə oldu ki, bu kitab ərsəyə gəldi?

-Bəli, fəaliyyətim az zaman kəsiyini əhatə etsə də, yaradıcılıq müsabiqələrinə qatılmağı, pedaqoji mühazirələr yazmağı, bir fəal gənc kimi düşüncələrimi bölüşməyi, təlim-tərbiyə prosesinin incəliklərini əks etdirən diskussiyalarda olmağı çox xoşlayıram. Azərbaycan dilindən ingilis dilinə tərcümələrim var, ingilis dilində məqalələr yazıram. Gördüyüm hər bir işdə daxili inam hissim, həmkarlarımdan aldığım dəyər və təqdirlərim fəaliyyətimin əsas meyarıdır. “Azərbaycanca-İngiliscə lüğət” kitabı hazırlamaq fikrimə gəlincə isə bu, zərurətdən yarandı. Xarici dil dərslərinin tədrisində lüğət çox böyük rol oynayır. Eyni zamanda, lüğət uşaqların söz ehtiyatlarının artırılmasında əvəzsizdir. Sərbəst şəkildə ingilis dilini öyrənmək istəyənlər üşün də lüğətin olması vacibdir. Məktəbimizin xarici dil fənn metodbirləşməsində bu təşəbbüsü qaldıraraq İmişli rayon Təhsil Şöbəsinin Metodik Mərkəzinə və rəhbərliyinə bildirdik. Təşəbbüs bəyənildi və Metodik Mərkəzin müvafiq qərarı ilə hazırladığım vəsait nəşrə yararlılıq üçün uğurlu rəy aldı. Kitabın pedaktorları təcrübəli pedaqoqlar Bəxtiyar Aslanov və Mərahim Nəcəfovdur.

İmişli rayon Təhsil Şöbəsi rəhbərliyinin, Fəal və Gənc Müəllimlər Assosiasiyasının, xarici dil müəllimlərinin və mətbuat nümayəndələrinin iştirakı ilə  kitabımın geniş təqdimatı oldu. Uğurlu rəyləri və kitab haqqında söylənilən fikirləri ən böyük mükafatım bilirəm. Kitablarımı Beyləqan, Saatlı, Sabirabad və Ağcabədi rayonlarının ümumtəhsil məktəblərində xarici dil fənnindən tədris aparan müəllimlər üçün də hədiyyə edirəm.

-Azərbaycan gəncliyini və müasir müəllimi necə görmək istərdiniz?

-Azərbaycan gəncliyini və müasir müəllimi vətənpərvər, hər bir işdə fəal, mədəni, əməksevər, ailəcanlı, iş sferasında peşəkar, sevgi və mərhəmətli görmək istərdim.

-Gənc pedaqoq kimi arzu və istəyiniz, peşə fəaliyyətində narahatlıq yaradan məsələlər barədə düşüncələriniz?

-Bir müəllim kimi arzum şagirdlərimin həyatda bacarıqlı, özünəməxsus və istedadlı olmasıdır.  Onların təhsildən yayınması, proqram materiallarını yaxşı mənimsəməməsi və zəif valideyn nəzarəti  narahatlığımdır. Açığı məktəb-valideyn münasibətlərindəki əlaqəsizlik, qeyri anlaşıqlıq məni çox düşündürür.

-Pandemiya dövründə fəaliyyətinizi necə qurdunuz?

-Bütün dünyanı pandemiya təhlükəsi öz cənginə alıb. Ən nüfuzlu dövlətlər belə  koronavirusdan əziyyət çəkir, iqtisadiyyatları çökür və insanları tələf olur.  Belə olan vəziyyətdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin iradəsi ilə ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər nə qədər uğurludur. Hər kəs Prezidentin qayğısı ilə əhatə olunub. Biz “evdə qalaq, sağlam qalaq “ tədbirinə qoşulsaq da, onlayn dərslərimizi davam etdirdik. Uşaqlar dərsdən geri qalmadı. Dövlət bayramlarında onları virtual olaraq fəaliyyətə cəlb etdik. Onlar fikir mübadilələrinə qoşuldular. Beləliklə, uşaqlarda da, özümüzdə də məsafədən təhsil mədəniyyəti formalaşdı.

-Başqa nə demək istərdiniz?

-Arzu edirəm ki, pandemiya bəlasından qurtulaq və yenidən məktəb həyatına qayıdaraq sevdiyimiz işimizdə olaq. Müsahibə üçün məmun oldum, təşəkkür edirəm.


Açar sözlər: