Sual: Ailə vəziyyəti ilə bağlı kənd məktəbindən şəhər məktəbinə iş yerini necə dəyişmək olar?

Cavab: Bir rayon (şəhər) daxilində müəllimlərin yerdəyişməsi məsələsinə rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən baxılır. Bir rayondan (şəhərdən) digər rayona (şəhərə) iş yerinin dəyişdirilməsi üçün isə ərizə ilə Təhsil Nazirliyinə müraciət edilməlidir. Təhsil Nazirliyi tərəfindən müraciətə baxılır və aparılan araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq cavab verilir.

Sual: Gənclərin təhsilə marağını daha da artırmaq üçün magistrlərin işə qəbulu zamanı müəyyən güzəştlər tətbiq edilə bilərmi?

Cavab: İşə qəbul zamanı magistrlər üçün heç bir güzəşt və ya imtiyaz nəzərdə tutulmamışdır. Lakin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı hər bir müəllim öz əməyinin nəticələrinə görə qiymətləndiriləcək. Belə olduğu halda digər müəllimlərlə yanaşı, magistr dərəcəsi olan müəllimlərin də maddi və mənəvi cəhətdən fərqli qiymətləndirilməsinə imkan yaranacaqdır.

Sual: Müəllimlərin işə qəbulu üçün imtahan nəyə görə keçirilir? Bunun vacibliyi zərurəti haradan yaranıb?

Cavab: Ümumiyyətlə, beynəlxalq təcrübədə müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş mexanizmlər tətbiq edilir. Belə bir mexanizmin tətbiqinin zəruriliyi bir sıra amillərlə bağlıdır. Təhlillər göstərirdi ki, ehtiyac olmadan məktəblərə az dərs saatlarına, bir sıra hallarda isə saxta, dövlət nümunəli olmayan təhsil sənədləri ilə müəllimlər qəbul edilir və bu zaman onların peşəkarlıq səviyyəsi yoxlanılmır. Bu da təhsilin keyfiyyətinə mənfi təsir edirdi. Digər səbəb ondan ibarətdir ki, bir vakant yerə yüzlərlə müəllim iddia edir və seçim aparmaq üçün mərkəzləşdirilmiş imtahan mexanizmi tətbiq edilir.

Sual: Hazırda ümumtəhsil məktəblərində çalışan müəllimlərin hesabına müxtəlif ixtisaslara olan tələbatın ödənilməsi mümkündürmü və bu sahədə fəaliyyət nəzərdə tutulurmu?

Cavab: Əlavə təhsil fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də yenidənhazırlanma təhsilidir. Hazırda müxtəlif ali təhsil müəssisələrində istər pedaqoji, istərsə də qeyri-pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bu zaman yenidənhazırlanma təhsilinə müraciət edənlərin ilkin baza ixtisasları ilə yenidənhazırlanmaq istədikləri ixtisaslar arasındakı uyğunluq tələbi nəzərə alınır.

Sual:Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsində məqsəd nədir? Ötən il diaqnostik qiymətləndirmədən keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilibmi?

Cavab: Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişafyönümlü təlimlərə cəlb edilməsidir.
İlk dəfə Bakı şəhərində keçirilən diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər müvafiq təlimlərə cəlb edilib. Təlimlər bitdikdən sonra həmin kontingent yenidən imtahan verib və yüksək nəticə göstərib.

Sual:Dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün hansı güzəştlər nəzərdə tutulur?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli və 15.08.2014-cü il tarixli 279 nömrəli Qərarlarına əsasən dövlət sifarişi ilə ümumi təhsil müəssisələrində (kənd rayonlarında yerləşən) əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 il müddətində aylıq əməkhaqqına ayda 100 manat məbləğində əlavə ödənilməsi nəzərdə tutulub. 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilməsi nəzərdə tutulub.

Sual:Bu il müəllimlərin işə qəbulu üzrə imtahanlar nə vaxt keçiriləcək? Vakant yerlərin sayı müəyyənləşdirilibmi?

Cavab: Müəllimlərin işə qəbulu və iş yerinin dəyişdirilməsi üzrə müsabiqələr hər il olduğu kimi, bu il də tədris ilinin sonu keçiriləcəkdir. Respublikanın ümumi təhsil müəssisələrində vakant yerlər haqqında məlumatlar hər tədris ilinin sonunda Təhsil Nazirliyinə təqdim olunur.

Sual: Vahid məktəbli forması anlayışı varmı? Məktəbli forması məsələsi rayonlarda necə tənzimlənir? Məktəblilərin məktəbə forma ilə gəlməsi vacibdirmi?

Cavab: Uşaqlar məktəbə məktəbli formasında gəlməlidirlər. Məktəbli formasının dizaynı fərqli ola bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir.

Sual: Mümkünsə, şagirdlərə hansı dərsliklərin pulsuz veriləcəyini açıqlayın. Bundan əlavə, metro keçidlərində, bəzi kitab mağazalarında üzərində “pulsuz” yazılmış dərsliklər satılır. Nazirlik üzərində “pulsuz” yazılmış dərsliklərin satışına icazə verirmi?

Cavab: Cavab: Dövlət ümumtəhsil məktəblərinin şagirdləri bütün dərsliklərlə pulsuz təmin olunurlar. Üzərində “pulsuz” yazılmış dərsliklərin satışının qarşısının alınması digər müvafiq dövlət qurumlarının səlahiyyətindədir.

Sual: Birinci sinfə qəbulla bağlı qaydalar necədir? Hansı halda şagird məktəbə götürülməyə bilər? Apelyasiyalar fəaliyyət göstərirmi? Hazırda yaşı çatmayan şagirdlərin qəbulu aparılır?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə (2.5-ci bənd), ümumtəhsil məktəblərinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Uşaq məktəb yaşına çatmadıqda, əqli və fiziki inkişafında qüsurlar müəyyən edildiyi halda, ümumtəhsil məktəbinə götürülməyə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən (19.12-ci bənd), xüsusi istedada malik uşaqlar daha erkən yaşdan I sinfə qəbul oluna bilər. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar mövcuddur. Həmin qaydalara görə, vaxtından əvvəl I sinfə qəbul hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərində tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir. Hazırda təhsil şöbələri (idarələri) nəzdində yaradılmış komissiyalar tərəfindən həmin uşaqların I sinfə qəbulu məsələsinə baxılır.

Sual: Yuxarı siniflərdə ixtisaslaşmanı Azərbaycanda da tətbiq etmək mümkündürmü və lazımdırmı?

Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi təsbit edilmişdir.

Sual: Azərbaycanda şagirdlərinin sayı az olan məktəblərin birləşdirilməsi (məktəb şəbəkəsinin rasionallaşdırılması) istiqamətində indiyədək hansı nəticələrə nail olunub? Bu istiqamətdə hansı yeni işlərin aparılması nəzərdə tutulur?Azərbaycanda necə məktəbin birləşdirilməsinə ehtiyac var?

Cavab: Cavab:“Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na əsasən ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcəkdir.

Sual: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin orta məktəblər üçün müəyyənləşdirdiyi yeni qida standartlarının tətbiqinə nəzarət hansı qaydada həyata keçiriləcək və necə tənzimlənəcək? Bu məsələdə Təhsil Nazirliyinin səlahiyyəti nədən ibarətdir?

Cavab: Cavab: Təhsil müəssisələri üçün müəyyənləşdirilmiş yeni qida standartlarına riayət edilməsi ilə bağlı tabelikdə olan aidiyyəti müəssisələrə rəsmi qaydada göstərişlər verilmişdir. Qeyd olunan standartların tətbiqinə nəzarətin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Sual: Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin səmərəli tədrisinin təmin olunmasına yönəlmiş bir sıra tədbirlər müəyyənləşdirilib. Həmin tədbirlər nələrdən ibarətdir?

Cavab:Cavab: Hərbi hissələrlə əməkdaşlığı gücləndirmək, hərbi xidmət həyatı ilə şagirdlərin tanış olmalarına hərtərəfli şərait yaratmaq, “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən müəllimlərin ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlbini təşkil etmək, bütün tam orta məktəblərdə, bir qayda olaraq, hərbi idman oyunları üzrə komandaların təşkilini və yarışlarda iştirakını təmin etmək, fənnin tədris bazasının getdikcə gücləndirilməsinə nail olmaq, məktəblərdə fənnin tədrisi vəziyyətinin monitorinqini aparıb əməli təkliflər hazırlamaq və s. həmin tədbirlər sırasına daxildir.

Sual: Şagirdlərin sayı az olan məktəblərin birləşdirilməsi üçün xüsusi proqram hazırlanır. Bu zərurət nədən yaranıb?

Cavab: Cavab: “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına əsasən ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur. Qeyd olunan proqramın hazırlanmasında əsas məqsəd mövcud məktəb şəbəkələrinin səmərəliliyinin və son nəticədə tədrisin keyfiyyətinin yüksəldilməsidir.