Sual: 12 illik təhsil sisteminə nə zaman keçiriləcək?

Cavab: Cavab: 12 illik təhsilə keçidlə bağlı zəruri tədbirlərin həyata keçirilməsi “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuşdur.

Sual: Ucqar rayonların əksər orta məktəblərində davamiyyətin aşağı olması ilə bağlı fikirlər səslənir. Bununla bağlı nazirlik tərəfindən bölgə məktəblərində yoxlamalar aparılacaqmı?

Cavab: Ucqar məktəblərdə davamiyyətə nəzarət üzrə yerli təhsil orqanları və digər aidiyyəti təşkilatlarla birgə davamlı tədbirlər həyata keçiriləcəkdir.

Sual: Orta məktəblərdə nə qədər dərnək var? Şagirdlərin məktəbdən kənar əsasən hansı sahələrə marağı var? Şagirdlərin ictimai fəallığını daha da artırmaq üçün nazirlik tərəfindən hansı işlərin görülməsi planlaşdırılır?

Cavab: Məktəbdənkənar təhsil müəssisələrində 13 minə yaxın dərnək (qrup) fəaliyyət göstərir. Şagirdlərin rəqs, rəsm, bədii qiraət, dizayn, modelçilik, diyarşünaslıq, idman, şahmat sahələrinə daha çox maraqları var.
Uşaqların ictimai fəallıqlarının artırılması, yaradıcılıqlarının inkişaf etdirilməsi üçün müsabiqələr, kütləvi tədbirlər və idman yarışları keçirilir.

Sual: Distant təhsil birinci qrup əlilliyi olan insanlar üçün çox əlverişli ola bilər. Onlar üçün bu cür təhsil sisteminin tətbiqi gözlənilirmi?

Cavab: Distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud olan uşaqların təhsil imkanlarının artırılması məqsədi ilə “Elektron Təlimləndirən Sistemlər” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində 60 şagird və 10 müəllimə yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilmiş, 60 şagirdin evinə internet xətti çəkilmiş, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə Distant Təhsil Mərkəzi yaradılmışdır. Mərkəzin otaqlarında yüksək sürətli fiber-optik internet və intranet bağlantıları quraşdırılmışdır. Həmçinin müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün www.mesafedenmekteb.edu.az portalı yaradılmışdır. Hazırda layihənin genişləndirlməsi üzrə işlər aparılır.

Sual: Orta məktəb şagirdlərinin asudə vaxtının səmərəli keçirilməsinin təşkili üçün hansı işlər görülür?

Cavab:Cavab: Şagirdlər maraq və istəklərinə uyğun olaraq dərnəklərə cəlb edilir. Həmçinin onlar üçün müsabiqələr təşkil olunur, kütləvi tədbirlər, idman yarışları keçirilir.

Sual: Sovet dövründə pioner təşkilatları mövcud idi. Hazırda adıçəkilən qurumu əvəz edən təşkilat varmı?

Cavab: Cavab: Ümumtəhsil məktəblərində uşaq birliyi rəhbəri ştatı mövcuddur.

Sual: Azərbaycanda neçə məktəb beşgünlük tədris həftəsinə keçib və neçə məktəbdə 6 günlük tədris həftəsi həyata keçirilir?

Cavab: Bütün I-V siniflərin hamısı 5 günlük tədris həftəsi ilə işləyir. 1 növbəli məktəblərdə də, bir qayda olaraq, 5 günlük tədris həftəsi tətbiq olunur. 

Sual: 2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri nə vaxt keçiriləcək?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcəkdir.

Sual: 2014-2017-ci illərdə Azərbaycan məktəblərində ikinci növbə ləğv oluna bilər?

Cavab: Ölkəmizdə məktəb tikintisinin sürətli inkişafı, təhsil infrastrukturunun getdikcə yenilənməsi buna əsas verə bilər.

Sual: Məktəbdən yayınma hallarının qarşısı necə alınır?

Cavab: Təhsildən yayınma hallarının qarşısının alınmasında valideynlərlə aparılan işlər, xüsusilə maariflləndirmə tədbirləri mühüm yer tutur. Zərurət yarandıqda aidiyyəti təşkilatların köməyinə müraciət olunur.

Sual: 12 illik təhsil sisteminə keçidlə əlaqədar hansı yeniliklər var?

Cavab: 12 illik ümumi təhsilə keçidlə bağlı icra mexanizmlərinin müəyyənləşdirilməsi üzrə müzakirələr aparılır.

Sual: Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündürmü?

Cavab: Bəli. Hər təqvim ilinin sonunadək 8 yaşı tamam olan uşaqlar I sinifə qəbul edilirlər. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Sual: Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?

Cavab: Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

            Sual:Evdə təhsil necə təşkil olunur?

Cavab: Evdə təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2002-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”na uyğun təşkil edilir. Hər bir rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) nəzdində Psixoloji-tibbi-pedaqoji komissiya fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud və xəstəliyi “Evdə təhsil almaq hüququ verən xəstəliklər”ə aid olan şagirdlər həmin komissiyanın qərarı ilə evdə təhsilə cəlb olunurlar.