Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 22 iyun tarixli 115 nömrəli qərarı ilə təsdiq edilmişdir. 
 
1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və dövlət standartlarına uyğun olaraq ümumi təhsilin təhsil səviyyələri üzrə müddətini və bir səviyyədən digər səviyyəyə keçid qaydalarını müəyyən edir.
2. Ümumi təhsil pilləsi aşağıdakı təhsil səviyyələrindən ibarətdir:
- ibtidai təhsil (I-IV siniflər);
- ümumi orta təhsil (V-IX siniflər);
- tam orta təhsil (X-XI siniflər).
3. İbtidai təhsil səviyyəsində təhsilin müddəti 4 ildir.
4. İbtidai təhsili müvəffəqiyyətlə başa vuran təhsilalanlar ümumi təhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə ümumi orta təhsil səviyyəsinə keçirilirlər. Pedaqoji şuranın qərarı ümumi təhsil müəssisəsi direktorunun əmri ilə rəsmiləşdirilir. Pedaqoji şuranın qərarında və direktorun əmrində ibtidai təhsil səviyyəsini bitirən təhsilalanların ümumi orta təhsil səviyyəsinin ilk sinfinə - V sinfinə qəbulu qeyd edilir.
5. Ümumi orta təhsil səviyyəsinə keçid prosesində təhsilalanların paralel siniflərdə komplektləşdirilməsi onların meyil və marağı, potensial imkanları nəzərə alınmaqla həyata keçirilir.
6. Ümumi orta təhsil səviyyəsində təhsilin müddəti 5 ildir.
7. Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında dövlət sənədi təhsilin növbəti səviyyədə və ya pillədə davam etdirilməsi üçün əsas sayılır.
8. Müxtəlif səbəblərdən ümumi orta təhsilini başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.
9. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi müsabiqə yolu ilə təmin olunur. Müsabiqənin nəticələrinə görə tam orta təhsil səviyyəsinə qəbul edilmiş təhsilalanların təmayül sinifləri üzrə komplektləşdirilməsi həyata keçirilir.
10. Tam orta təhsil səviyyəsində təhsilin müddəti 2 ildir.