09.02.2021

Modul tipli ibtidai məktəbin açılış mərasimi keçirilib

Təhsil Nazirliyinin sifarişi ilə İmişli rayonunun Oruclu kəndində quraşdırılmış modul tipli ibtidai məktəbin açılış mərasimi keçirilib.

Mərasimdə İmişli Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Cabbarova, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Sonra Təranə Cabbarova tədbir qonaqlarının iştirakı ilə rəmzi açılış lentini kəsib və məktəbdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, fəaliyyət başlayan modul tipli məktəb 40 yerlik və 2 növbəli ibtidai məktəblərdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətində abadlıq işləri aparılıb.