10.02.2021

İkinci Vətən müharibəsi iştirakçısı, gənc yazıçı

Asim Mustafa oğlu Arazov İmişli rayonu Qızılkənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, İkinci Vətən müharibəsi iştirakçısı, həm də gənc yazıçı.

 

Müəllim və yazıçı

 

Asim müəllim 1994-cü ildə Beyləqan rayonunun ll Şahseven kəndində anadan olub. 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olan Asim Arazov 2013-cü ildən bədii yaradıcılıqla məşğul olur. 2015-ci ildə "Tənhalıq mənim dostumdur" adlı detektiv-məhəbbət romanı çap olunandan sonra qısa zaman ərzində kitab böyük oxucu kütləsi qazanıb.

Gənc yazarın daha sonra yazdığı "Nakam" povesti, "Fəryad" pyesi, "Həyat yükü" povesti, "Şopenin melodiyası", "Çarlz Mansor", "Bağışlanmanın gücü" və s. əsərləri orjinal mövzu baxımından oxucularda böyük maraq doğurub.

Asim müəllimin yazdığı əsərlərin əksəriyyətində vətənpərvərlik mövzusu hər zaman aparıcı olub. Birinci Qarabağ savaşında iştirak edən döyüşçülərlə daim ünsiyyətdə olan, döyüş kadrlarını dönə-dönə izləyən Asim həmişə özünü odlu-alovlu döyüşlərdə görüb. Albert Aqarunovun, Mübariz İbrahimovun, Fərid Əhmədovun döyüş yollarına öz kitablarında dəfələrlə yer ayırıb.

 

O, hər zaman deyib ki,

 

"Fəxr etmək çox gözəl bir hissdir. Mən Mübariz İbrahimovla bu hissi yaşamışam. Onunla fəxr edirəm, kaş onu real həyatda bircə dəfə görə bilərdim, kaş onunla ünsiyyətdə olub, bircə dəfə gözlərinə, Vətən eşqi ilə alışıb-yanan gözlərinə baxa biləydim. Bu mənim üçün o qədər xoşbəxtlik olardı necə fəxr etməyəsən ki, Mübariz kimi oğulların yaşadığı bir ölkədə yaşayırsan"

Universitet həyatında dəfələrlə müxtəlif tədbirlerdə iştirak edib, elə məzun olduğu 2016-cı ildə Universitet daxilində "Hüseyn Cavidin bədii yaradıcılığı" müzakirədə 40 iştirakçı arasında birinci yerə layiq görülərək diplomla təltif olunub. Diplomunu da nümunəvi tələbə kimi məzun günündə fəxri fərmanla birlikdə ona təqdim ediblər.

 

Tələbəlikdən səngərə

 

Məzun olduğu gündən bir ay sonra hərbi xidmətə gedən Asimin xidməti səngərlərdə keçib. Xidmət etdiyi post dəfələrlə ermənilərin hücumuna məruz qalsada yağı düşmənlərin bu hücumları həmişə qəhrəmanlıqla alınıb. Belə döyüşlərin birində o sol əlindən yaralanıb.

"O vaxt mənim əlimə 8 tikiş atdılar, indi də əlimdəki o izlərə baxanda həmin günləri xatırlayıb M. Yaqubun aşağıdakı misraların deyirəm:

Bəlkə də borcundan çıxmadım vətən

Ömür bahar deyil bir də qayıtsın

Ölsəm də qoynunda qoy ölüm ki mən

Çürüyüm bir ovuc torpağın artsın

Hərbi xidmətdən sonra 2018-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin davamlı təlim və təhsil fakültəsinə qəbul olub, 2019-cu ildə həmin fakültəni yüksək qiymətlərlə bitirib. Elə həmin ili Müəllimlərin İşə Qəbul (MİQ) imtahanında 60 maksimum baldan 53 bal toplayaraq İmişli rayon Qızılkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.

 

Məktəbdən müharibəyə

 

2020-ci il sentyabrın 27-də müharibə başlayandan cəbhəyə yollanan minlərlə könüllülərdən biri də Asim müəllim olub. Daşkəsən, Murov istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib, Kəlbəcərin Zülfüqarlı kəndində maraqlı xatirələri onun üçün unudulmaz günlərə çevrilib.

"Bir gün komandirlərimin biri mənə dedi ki," sən generalları necə görmək istəyərsən?". Mən onun bu sualına cavab verə bilmədiyim üçün, eyni sualı da mən ona verdim. Komandir cavabında mənə dedi ki, mən ele general istəyirəm ki, sənin əlinin yarasına baxanda ürəyinin başı yansın. Onun bu cavabı məni düşünməyə vadar etdi. İndi isə mən bu sualın cavabını tapmışam. Mən generalları Polad Həşimov kimi görmək istəyirəm"

Müharibədə çiyin-çiyinə səngələrdə Vətən üçün döyüşən silahdaşlarını tanıdıqca gələcəkdə yazacağı əsərlərdə onların obrazlarını yaradıb. Səngərlərdə oturub vətəni seyr edən Asim tez-tez səngər yoldaşlarına kitablarından danışıb. 44 günlük müharibədə Vətən torpaqlarını düşmənlərədən azad etdikcə onda düşmənə qarşı nifrət, şəhidlərin qisasını alma hissi gündən-günə dərinləşib.

 

Müharibədən məktəbə

 

"Mən indi də şagirdlərimə Vətən sevgisi haqqında danışanda onlara deyirəm ki, Vətəni hər şeyə rəğmən sevmək lazımdır. Pisliklərə görə, bəzi insanların harınlığına görə, insanların unutqanlığına görə Vətəni sevməkdən imtina etmək olmaz, çünki Vətəni Mübariz İbrahimov kimiləri düşünərək, 3 minə yaxın İkinci Qarabağ savaşındakı şəhidlərimizi düşünüb sevmək lazımdır. Mənə hərdən sual verirlər ki, yaralanmısan? Mən bu suala "Bəli " cavabını verirəm. Cünki mənim qəlbim yaralanıb, o şəhidlərin özlərindən sonra qalan gülüşləri mənim qəlbimi yaralayır"

 

İmişli Rayon Təhsil Şöbəsi Asim müəllimə həm müəllimlik fəaliyyətində, həm də yaradıcılığında uğurlar arzulayır. Müharibədə könüllü iştirakına görə, Vətənin düşmənlərdən azad olunmasından gətirdiyi zəfər payına görə təşəkkürünü bildirir.


Açar sözlər: ,  ,