03.03.2021

Ceyhun Əkbərov: “Şuşanın azad edilməsində “Meşə qardaşları”ı ildırım sürəti ilə düşmənin başının üstünü aldı”

İmişli rayonu Nurulu kənd tam orta məktəbinin tarix müəllimi , “Aprel döyüşləri” və Vətən Müharibəsinin iştirakçısı Ceyhun Əkbərovu oxuculara tanıtmaq istərdik.

 

Müəllim olmaq və qisas almaq arzuları

 

Ceyhun Əkbərov 1981-ci ildə İmişli rayonu Nurulu kəndində anadan olub.

 

1998-ci ildə Bakı Dövlət Universitetinin geologiya fakültəsinə qəbul olub. 2002-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yola düşüb.

 

Vətən qarşısında öz borcunu layiqincə yerinə yetirən C.Əkbərov müəllim olmaq istəyi ilə 2004-cü ildə Gəncə Müəllimlər İnstitutunun tarix fakültəsinə qəbul edilib.

 

2006-ci ildən Nurulu kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. Vətəninin tarixini dərindən öyrənən Ceyhunun qəlbində düşmən qonşularımız olan ermənilərə qarşı nifrət hissi baş qaldırır. O, mənfur ermənilərin tapdağında qalan və vətən oğullarının yolunu gözləyən Qarabağın azad olunması üçün 2015-ci ildə Sərhəd Qoşunlarının Təlim-Tədris Mərkəzinə qəbul edilir.

 

Təlim mərkəzini leytenant rütbəsi ilə bitirən gənc müəllim Cocuq Mərcanlıda yerləşən N saylı hərbi hissədə yenidən hərbi xidmətə başlayır.

 

2016-cı ildə Aprel döyüşlərində düşmən həmlələrinin qarşısının alınmasında göstərdiyi nümunəvi igidliyi ilə fərqlənr. Elə bu igidliyinə görə də digər N saylı hərbi hissədə vəzifəyə təyin olunur.

 

Qisas almaq ümidi ilə yenidən müharibədə

 

Ceyhun 2018-ci ildə hərbidən təxris olunaraq geri, Nurulu məktəbinə qayıdır. 2020-ci ildə Tovuz hadisələrindən sonra erməni faşistlərinə nifrəti artan müəllim hərbi komissarlığa gedərək yenidən ordu sıralarına yazılır;sentyabrın 28-də intiqam almaq üçün Vətən Müharibəsinə yola düşür.

 

Ceyhun müəllim Cəbrayıl, Füzuli, Xocəvənd rayonlarının azad olunmasında, Xocalının kəndlərinin düşmənlərdən təmizlənməsində, düşmənlərin Qarabağın incisi Şuşadan qovulmasında igidliklə vuruşur.

 

Qalib Ordunun qalib zabiti kimi özünə qardaş bildiyi əsgərlərlə cəbhədən- cəbhəyə irəliləyir.

 

Deyir ki, Şuşa istiqamətində döyüşdə qəlpə yaraları alıb,  amma yolundan dönməyib:” Əsgər yoldaşlarımla döyüşlərə davam edərək Şuşaya birgə irəlilədik. Bu döyüşlərin birində igidliklə vuruşan dörd şagirdimlə rastlaşdım. Bundan daha da ruhlandım. Elə bildim ki, bu döyüşlərdə ancaq dörd şagirdim, birdə mən varam! Heç yaralarımı da hiss etmirdim. Mən öz bölməmi şərti olaraq “Meşə qardaşları” adlandırmışdım. Şuşanın azad edilməsində  “Meşə qardaşları”ı ildırım sürəti ilə düşmənin başının üstünü aldı. Bundan çaş-baş qalan düşmən silahlarını atıb qaçmağa başladı”.

 

Ceyhun müəllim  “Cəbrayılın azad olunması”na, “Şuşanın azad olunması”na və döyüşlərdə fərqləndiyinə görə III dərəcəli medalla təltif olunub. O, baş leytenant rütbəsində geri dönərək, yenidən Nurulu məktəbində müəllimlik fəaliyyətini davam etdirir.


Açar sözlər: ,  ,