18.03.2021

“Unutmayaq, unutmasınlar”

Asif Fəti oğlu Məmmədov 1938-cü ildə İmişli qəsəbəsində sənətkar ailəsində anadan olub. Əslən Şuşalı olan atası Fəti kişi öz sadə sənətindən əldə etdiyi qazancı oğlanları Təyyar, Asif, Rasim və qızı Vahidənin təhsil almalarından əsirgəməmişdi.

Asif orta təhsilini İmişli qəsəbə orta məktəbində alıb. Arzusu isə müəllim olmaq olub. Arzusunun dalnca gedərək 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. 1962-ci ildə institutu əla qiymətlərlə bitirən Asif həmin ildən İmişli şəhər 1 saylı orta məktəbdə istehsalat təlimi üzrə direktor müavini kimi pedaqoji fəaliyyətə başlayıb. Çox keçmədən Asif müəllimin pedaqoji qabiliyyəti və təşkilatçılığı hamıya bəlli olur.  1970-ci ildə o, İmişli şəhər 2 saylı orta məktəbin direktor vəzifəsinə təyin olunur. Asif müəllimin bir məktəb rəhbəri kimi iş üslubunda özünü göstərən üstün cəhət o olub ki, məktəbdaxili nəzarəti elmi pedaqoji əsaslar üzərində yenidən qurub və müəllim kollektivinin, məktəb ictimai təşkilatlarının qüvvəsini təlim-tərbiyə işlərinin keyfiyyət səviyyəsini yüksəltməyə məharətlə yönəldib. Formalizə, təlimdə əzbərçiliyə, şagirdlərin biliyinin qiymətləndirilməsi zamanı mövcud geriliyi ört-basdır etmək məqsədi ilə yalançı “3” – lərdən bir pərdə kimi istifadə edilməsi meyillərinə qarşı barışmaz mübarizəyə başlayıb. Dərsin əsas nəticəsinin, müəllim əməyinin başlıca göstəricisinin şagirdlərə dərin və əsaslı bilik verilməsindən ibarət olması barədə məktəb tarixində sınaqdan çıxmış məlum pedaqoji müddəanı qətiyyətlə irəli sürərək və bütün işin bu yöndə aparılmasına nail olub. Keçən əsrin 70-80-ci illərində İmişli şəhər orta məktəbi bütün göstəriciləri ilə İmişlidə ən qabaqcıl məktəblərdən biri kimi tanınıb.

Asif müəllim 1986-1988-ci illərdə İmişli rayon qiyabi orta məktəbində metodist, 1988-ci ildən isə İmişli Rayon Təhsil Şöbəsində məsləhətçi və metodist vəzifələrində çalışıb.

Asif Məmmədov 2014-cü ildə vəfat edib.


Açar sözlər: ,  ,