15.04.2021

“Qələbə müjdəsini o, mənə yuxumda xəbər vermişdi”

(Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinə)

Bu gün onun şəhid olduğu tarixdən 28 il keçir. Hələ də yolunu gözləyirik! Sanki gələcək, gülə-gülə qapını açıb içəri girəcək, anamın qarşısında dayanacaq, “gəlmişəm ana”- deyərək illərin həsrətinə son qoyacaq, hamımızı sevinc göz yaşlarına boğacaq.

İllər bir-birini əvəz etsə də, buna inamımız heç vaxt itməyib...

Hər dəfə olduğu kimi, bu gün də məzarını ziyarət etdim. Elə həmin Fərhad idi. Mənim mərd, cəsur, qürurlu, yenilməz, nakam qardaşım!

Məzar daşında gülümsər simasını görmək necə də ağırdır! Qəhər məni boğur! Göz yaşlarıma hakim kəsilə bilmirəm. Onun soyuq məzar daşını isti göz yaşlarımla isidirəm!

Həmişə onu yuxumda çiynində silah döyüşə getdiyini görürdüm. Vətən müharibəsi başlamamışdan bir neçə gün əvvəl yenə yuxuma gəlmişdi. Sevincimdən nə edəcəyimi bilmirdim. Anamı çağırmaq istədim. Qoymadı. Yox, anam gəldiyimi bilsə, məni getməyə qoymayacaq. Yoldaşlarım həyətdə məni gözləyir. Getməliyəm!

Axırıncı dəfə gedirik döyüşə, bir daha getməyəcəyik, deyərək- gözdən itdi. Onu da deyim ki, hər dəfə yuxuma girəndə günüm çox uğurlu olur. Bu hadisədən bir neçə gün sonra Vətən müharibəsi başladı. İllərlə yağı tapdağı altında olan torpaqlarımız işğaldan azad olundu. Qələbə müjdəsini o, mənə xəbər vermişdi- yuxumda...

Mənə nə qədər çətin və ağır olsa da, 28 il hamıdan gizli saxladığım bir sirri bu gün açıram.

1992-ci ildə Vətənimizin azadlığı uğrunda döyüşə gedərkən, mənə bir qızı sevdiyini dedi. Adını soruşdum, kimdir o, mənə de! Nə gədər israr etsəm də, adını söyləmədi. Sanki şəhid olacağını bilirdi! Ona görə də sevdiyi qızın adını hamıdan gizlətdi.

Cəbhə bölgəsinə onun yanına gedəndə bir daha israr etdim. Sevdiyi qızın adını öyrənmək istədim.  "İnan, heç özünə də deməmişəm. Ancaq mənim ona olan münasibətimi gözəl bilir” -deyə zarafat etdi.

Müharibə qurtarar qayıdaram. Onda adını deyərəm, gedərsən. Bir az fikirləşdi. Nəsə demək istədi. Ancaq sözünün ardını gətirmədi...

10 aprel 1993- cü ilin baharı. Lalələr dərələri, düzləri əl - əlvan rəngə boyayıb. Bu, ana torpağın onun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəman şəhidlərinə olan ehtiramı idi. Vətənini canından da artıq sevən şəhidi qarşılamaq üçün el- oba ayaqda idi. Onun son mənzilə yola salınmasında kişilərin hönkürtü ilə ağlaması, qadınların, anaların ağı deyib şivən qoparması ərşə dirənirdi. Bu  nalə hər kəsi ağladır, ürəkləri param -parça edirdi.

Tabutun baş tərəfində əlləri ilə üzünü örtüb, için - için ağlayaraq göz yaşı tökən qız, bəlkə də o idi-bilmirəm!

Sevgilisini bir daha görməyəcəyini bilən, onu son mənzilə yola salan bu qız nə düşünürdü, İlahi! Bəlkə sevdiyi bu ər igidin tabutunu heç kimə vermək istəmirdi. Onunla tək baş-başa qalıb indiyə qədər həya edib dilə gətirə bilmədiklərini ona demək istəyirdi!

Onun şəhid olduğu gün bir sevginin sonu oldu! Bu sevgidən heç kimin- məndən, bir də o qızdan başqa kimsənin xəbəri olmadı!  Bir onu bilirəm ki, işğaldan azad olunana qədər çiynində silahla yuxuma gələn qardaşım, bundan sonra sevdiyi qızın yuxularına gül - çiçəklə gələcək, haqq dərgahında əbədi onunla bir yerdə olacaq!

Mənsə bu 28 ildə qardaş itkisi ilə yanaşı, onun nakam, şəhid olmuş  sevgisinin ağrısını da yaşayıram!

 

Əlamdar Quliyev

İmişli RayonTəhsil Şöbəsinin müdiri


Açar sözlər: ,