26.05.2021

Vətən müharibəsindəki qələbəmiz Regional inkişaf və əməkdaşlıq perspektivləri gətirir.

Vətən müharibəsində şanlı qələbəmiz nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda kəskin dəyişikliklərə səbəb oldu. Prezident cənab İlham Əliyev 20 may 2021-ci il tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə çıxışı zamanı bölgədə yeni reallıqların yarandığını bildirərək Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiyanın vacib olduğunu, 10 noyabr Bəyanatında əks olunduğu kimi bölgədə kommunikasiyaların və daşımalar dəhlizinin açılmasının vacibliyini bildirdi. Bildiyimiz kimi Ermənistanla müharibə bitən kimi Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə tikinti quruculuq işlərinə başlanmışdır. Yanvarın 14-də Prezident İ.Əliyev Şuşaya səfəri zamanı Füzuli-Şuşa yolunun və Füzuli hava limanının təməlini qoydu. Ərazilərdə dəmir yollarının da yenidən qurulmasına başlanıldı. Hazırda Bərdə-Ağdam dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər olan hissəsinin bərpası davam etdirilir. Həyati əhəmiyyətli vacib məsələlərdən biri də həmin bölgələrimizdə ərazilərin su təhcizatı ilə təmin olunmasıdır. Şuşa şəhəri azad edilərkən bu infrastruktura ciddi ziyan dəymişdi. Düşmən şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdır. Tez bir zamanda noyabrın 25-də Kirs-Şuşa su kəməri bərpa olunmuş, Şuşa şəhərinə suyun verilməsi bərpa olunmuşdur. Şuşa şəhərinə dayanıqlı suyun verilməsi məqsədi ilə alternativ su kəməri bərpa olunmuşdur.

 

Elektrik enerji təhcizatı ilə bağlı azad olunmuş bölgələrimizdə enerji infrastrukturunun qurulması üçün göstərişlər verilmişdir. Artıq noyabr ayından Füzuli, Cəbrayıl şəhərlərində və Hadrut qəsəbəsində vacib obyektlər elektrik enerjisi ilə təmin olunmuş, həmçinin Şuşa şəhəri eləcə də xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təhciz edilmişdir. Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün müvafiq qurumlar tərəfindən işlərə başlanılmışdır. Belə ki, Laçın rayonunda 8 meqavat gücündə “Güləbirt” kiçik su elektrik stansiyasında, Suqovuşanda yerləşən “Suqovuşan 1” və Suqovuşan 2” kiçik su elektrik stansiyasında əsaslı təmir və bərpa işlərinə başlanılmışdır. Eləcə də “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının başa çatdırılması üçün təxirəsalınmaz tədbirlər görülür. Eyni zamanda Beynəlxalq Enerji Agentliyi ilə bölgədə Günəş və Külək enerjisi potensialını nəzərə alıb yaşıl enerji layihələrinə xüsusi investorların cəlb edilməsi üzərində iş aparılır.

 

Hazırda Azərbaycan 30 illik işğala son qoymaqla düşməndən azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanmışdır. Ümumiyyətlə Azərbaycan Cənubi Qafqazın bir hissəsi olmaqla bütün qonşu ölkələrlə fəal əməkdaşlıq və sülh şəraitində yaşamaq üçün bütün mümkün imkanlardan istifadə edir, mühüm təkliflər və təşəbbüslərlə çıxış edir. Azərbayacan Cənubi Qafqazın bir hissəsi kimi gələcəyi nəzərə alaraq vahid inteqrasiya olunmuş bölgənin yaradılmasında maraqlıdır. Azərbaycan bölgədə kommunikasiyaların, dəmir yollarının bərpası, dəhlizlərin açılması üçün texniki və maliyyə məsələlərini həll etmək imkanlarına malikdir. Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm bölgə ölkələri, həm də Ermənistan üçün yeni iqtisadi imkanlarla yanaşı xalqlar arasında sülhün əbədi bərpasına köməklik edəcək. Düzdür, Azərbaycan öz dədə-baba torpaqlarını düşməndən azad etdikdən sonra şəhər və kəndlərimizin erməni vandalları tərəfindən dağıdıldığını, xarabalığa çevirdiyini gördü. Bu insanların yaddaşlarında sağalmaz izlər buraxıb.

 

Azərbaycan Respublikası indi Azərbaycan dövlətinin və Cənubi Qafqaz regionun gələcək inkişafi baxımından dünyanın inkişaf etmiş Rusiya, Amerika, İngiltərə, ABŞ, Türkiyə kimi ölkələrlə, eləcə də Avropa ittifaqı ilə hər zaman əməkdaşlığa önəm verir. Qonşu Gürcüstanla dostluq və qardaşlıq münasibətləri hökm sürür. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir, Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropaya çatdırılır. “İpək yolu” layihəsinin həyata keçməsində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bir sözlə dünyanın aparıcı beynəlxalq maliyyə institutları iştirak edirdilər. Bu da onu göstərir ki, Azərbaycan dayanıqlı iqtisadiyyata malik bir ölkədir. İndi Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün diplomatik vasitələrdən istifadə edir. İnanırıq ki, bu dəhlizin açılması ilə bütün region ölkələri üçün yeni imkanlar yaranacaq, Cənubi Qafqazda əbədi sülh bərqərar olunacaq, illərlə blokadada qalmış Naxçıvan Azərbaycanla birləşəcək.

Ələmdar Quliyev

İmişli Rayon Təhsil Şöbəsinin müdiri


Açar sözlər: ,