06.10.2021

Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib

İmişli Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə 5 oktyabr – Beynəlxaq Müəllimlər Günündə Vətən müharibəsində iştirak etmiş İmişli rayonunun ümumi təhsil məktəblərində çalışan təhsil işçiləri ilə görüş keçirilib.

 

Görüş iştirakçıları tədbirdən öncə İmişli şəhərində ucaldılmış Şəhidlər Xiyabanını ziyarət edilib, şəhidlərinin məzarları üzərinə qərənfillər düzüb, bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.

 

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təranə Cabbarova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin rəisi polkovnik - leytenant Rahim Ağayev, İmişli RTŞ-nin rəhbərliyi, ATİAHİ-nin İmişli rayon Komitəsinin sədri Əlimirzə Şirinov iştirak ediblər.

 

Görüşdə çıxış edənlər Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi Böyük Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik ediblər, bu böyük zəfərin əldə olunmasında bütün Azərbaycan xalqı kimi təhsil işçilərinin də öz payı olduğunu xüsusi ilə diqqətə çatdırıblar. Qeyd olunub ki, 44 günlük müharibə ərzində təhsil işçilərindən 28 nəfər erməni təxribatçılarına qarşı döyüş əməliyyatlarında iştirak edib, Qələbənin əldə olunmasına öz töhfələrini veriblər.

 

Görüş zamanı müharibə iştirakçıları öz xatirələrini bölüşüblər.

 

Tədbirin sonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş təhsil işçilərinə Fəxri Fərman və  mükafatlar təqdim olunub.


Açar sözlər: ,  ,