15.10.2021

Mümkünsüzü mümkün etmiş Azərbaycan ordusu

Füzuli rayonu ölkəmizin ən gözəl və ən abad rayonlarından biri olmuşdur. 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Füzuli şəhəri 17 oktyabr 2020-ci il tarixində şanlı Azərbaycan ordusu tərəfindən düşmən işğalından azad olundu. İşğal dövründə Ermənilər Füzuli şəhərini və onun kəndlərini vəhşicəsinə dağıtmış və talan etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli şəhərinin işğaldan azad olunması xəbərini xalqa çatdırarkən şəhərin tamam dağıdıldığını və dövlət bayrağımızı qaldırmaq üçün bir dənə də olsa salamat bina qalmadığını bildirdi. Bəli mənfur düşmən Füzulini viran qoymuşdu.

 

Neçə ildir əsir düşüb Füzulim,                       

Qəlbi sınıb, bizdən küsüb Füzulim.                

Boynu bükük qalıb doğma Füzulim,

Fikir edib xəyallara dalmışam,

Füzuli elimə həsrət qalmışam.

 

Bar gətirmir o meyvəli bağları,

Həsrət ilə yaşayır o dağları,

Unuda bilmirəm ötən çağları,

Dərdi, qəmi ürəyimə salmışam,          

Füzuli elimə həsrət qalmışam.    

    

5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin əmri ilə işğaldan azad olunmuşdur. Uzun illər işğal altında olan 20% torpaqlarımızın aqibəti bir Azərbaycan vətəndaşı kimi məni də həmişə çox narahat edirdi. Həmişə fikirləşirdim ki, ali baş komandanımız hücum əmri versəydi, bu işğala son qoyardıq. Belədə oldu 2020-ci il sentyabrın 27-də mənfur düşmənin hücumuna qarşı başlanılmış əks hücum əmri verildi. Məndə həmin döyüşlərdə ehtiyyatda olan zabit kimi baş leytinant rütbəsində minatan batareyada tağım komandiri olaraq Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərə qatıldım. Çox hərbi ekspertlər və erməni havadarları fikirləşirdi ki, Azərbaycan ordusu Füzuli istiqamətində düşmənin təmas xəttini yarması mümkün deyil. Amma Azərbaycanın müzəffər ordusu mümkünsüz deyilən səddi yardı hətta düşmənə çox böyük sarsıdıcı zərbələr endirməklə çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etdi.

 

Füzuli istiqamətində gedən qızğın döyüşlərin birində mən yaralandım və döyüş yoldaşlarımın köməkliyi ilə döyüş mövqeyindən çıxarıldım və hospitala yerləşdirildim. Həkimlərimizin səyi nəticəsində əməliyyat olunaraq sağaldım və yenidən döyüşlərə qatıldım. Bundan sonra Füzuli rayonunun kənd Horadiz, Dövlətkarlı, Yağlıvənd, Qacar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tuğ və Tağ kəndləri uğrunda gedən döyüşlərdə iştirak edərək düşmən tapdağından azad etdik. Bu döyüşlərdə də düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etməklə bərabər qənimətlərimiz oldu. Azərbaycan ordusunun düşmənə qarşı qisas hissi həddindən artıq qətiyyətli idi,həmdə yüksək döyüş ruhu bizihər gün, hər saat qələbəyə doğru aparırdı. Bu qələbələrdən biridə 17 oktyabr 2020-ci ildə Füzuli rayonunu tam düşmən tapdağından azad olundu.Biz qələbə qazanaraq ərazi bütövlüyümüzü tam təmin etdik. Bu çox sevindirici qələbə oldu. Vətən müharibəsində iştirakım və hərbi əməliyyatlarda xidmətlərimə görə Ali baş komandan cənab İlham Əliyevin sərəncamı ilə  mən “Cəsur döyüşçü”, “Füzulinin azad olunması” və “Xocavəndin azad olunmasına” görə medallarla təltif olundum. Sözsüz ki, müharibə ölümsüz olmur. Allahdan cəmi şəhidlərimizə rəhmət, qazilərimizə və veteranlarımıza can sağlığı uzun və mənalı ömür arzulayıram.

 

Mümkünsüzü mümkün etmiş Azərbaycanın Zəfər ordusu hesabına ərazimiz tam bərpa olunub. Artıq o torpaqlarda yenidənqurma işləri başlanılıb. Buna misal Füzuli hava limanını, Zəfər yolunu və başqalarını misal göstərə bilərik. Artiq bir neçə ilə sakinlər öz dədə-baba torpaqlarına qatyıdacaq. Buna görə müzəffər ordumuzun Ali baş komandanını, müzəffər ordumuzu və Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

 

 Qulam Quliyev

 Muradallı kənd tam orta məktəbin hərbi rəhbəri


Açar sözlər: ,  ,