26.11.2021

“Unutmayaq, unutmasınlar”

Cavad Dadaş oğlu Nəsirov 1941-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Əliqulular kənd ibtidai məktəbini bitirdikdən sonra təhsilini İmişli qəsəbə məktəbində davam etdirərək 1959-cu ildə həmin məktəbi bitirib. 1959 – 1962 - ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Müəllim olmaq arzusu ilə yaşayan Cavad hərbi xidmətdən qayıdadandan sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya – biologiya fakültəsinə daxil olub və 1968-ci ildə həmin ali məktəbi “fərqlənmə” diplomu ilə bitirib.

 

O, pedaqoji fəaliyyətə Telişli kənd səkkizillik məktəbində başalamış, sonra Əliqulular kənd orta məktəbində davam etmişdir. Öz ixtisasının kamil bilicisi olan gənc müəllim çalışdığı məktəbdə kimya və biologiya fənlərinin tədrisində qabaqcıl təlim üsullarından bacarıqla istifadə edərək şagirdlərə dərin və əsaslı bilik verməyə müvəffəqiyyətlə nail olmuş və qısa müddətdə zəngin təcrübə toplamışdır. Dərsdə əyaniliyə üstünlük verən Cavad müəllim gərgin əmək hesabına nümunəvi kimya kabineti yaratmış və onu şagirdlərinin köməyi ilə hazırladığı sxem, cədvəl, plakat və sair əyani vəsaitlərlə zənginləşdirmişdir. 1975-ci ildə Cavad müəllimin elmi cəhətdən yüksək səviyyəli kimya-biologiya müəllim olması nəzərə alınaraq o dövürdə İmişli məktəblərinin “akademiyası sayılan” İmişli qəsəbə məktəbinə ixtisası üzrə müəllim gətirilmişdir.

 

2 nömrəli məktəbdə işlədiyi müddətdə dərsin müasirləşdirilməsi sahəsində diqqətəlayiq işlər görmüşdür. Onun bu illər ərzində qabaqcıl iş təcrübəsi öyrənilərək yayılmışdır.

 

Cavad müəllimin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1978-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Qabaqcıl maarif xadimi” döş nişanı, “Ali kateqoriyalı müəllim” adına layiq görülmüşdür.

1978 - 1988-ci illərdə İmişli Rayon Təhsil Şöbəsində məsləhətçi, 1988 - 2006-cı illərdə RTŞ-də müdir müavini, 2006-cı ildən 2011-cü ilə kimi metodist vəzifəsində çalışmışdır.

 

Cavad müəllim 2021-ci ildə vəfat edib.


Açar sözlər: ,  ,